AVTO

23 Aprel

BYD-nin təklifi səhmlərinin qiymətini 5% artırdı

Finss.az - Çinin elektromobil nəhəngi BYD Co mənfəət bölgüsü planlarında mühüm dəyişiklik edərək səhmdarlarını sevindirib.

Şirkət dividendlərlə yanaşı, əlavə bonus və kapitalizasiya səhm paylanmasını təklif edib. Bu qərar Honq Konq birjasında BYD səhmlərinın 5% bahalaşmasına səbəb olub.

Yeni təklifə əsasən:

  • Hər 10 səhmdən ötrü 8 bonus səhm və 12 kapitalizasiya səhm paylanacaq;

  • Həmçinin, 10 səhmdən ötrü 39.74 yuan məbləğində nağd divident ödəniləcək.

Kapitalizasiya səhm – şirkətin kapital ehtiyatları hesabına mövcud səhmdarlara pulsuz verilən yeni səhmlərdir. Bu addım həm səhmdarların gəlirlərini artırmaq, həm də şirkət səhmlərinin likvidliyini yüksəltmək məqsədi daşıyır.

Şirkətin yaydığı rəsmi məlumatda bildirilir ki, bu təşəbbüs nəticəsində dövriyyədə olan BYD səhmlərinin sayı 6 milyarddan çox artacaq.

BYD-nin Honq Konq birjasında ticarət olunan səhmləri 5% artaraq 394,60 HKD səviyyəsinə çatıb. Bu artım ümumi bazar dinamikasından daha sürətli olub.

Təklifin qüvvəyə minməsi üçün iyun ayında keçiriləcək illik səhmdarlar toplantısında təsdiqlənməsi tələb olunur.