AVTO

24 Mart

Azərbaycanda avtobus istehsalına başlanılır

Finss.az - Ötən ilin noyabr ayında Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılmasına dair imzalanmış müqavilə çərçivəsində, “Azerbaijan Energy Automotive Factory” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir.

Yeni qeydiyyata alınan rezident tərəfindən, Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı həyata keçiriləcək. Bu layihənin investisiya dəyəri 29 milyon manatdan çox olacaq və 600 nəfər işlə təmin ediləcək.

Çinin qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisənin bu ilin sonuna qədər fəaliyyətə başlaması gözlənilir. İstehsal ediləcək elektrik mühərrikli avtobuslar, BYD markası adı altında satışa çıxarılacaq. İlk mərhələdə 12 metr uzunluğunda olan BYD “K9UD” model avtobusları istehsal ediləcək və müəssisənin illik istehsal gücü 500 ədəd avtobus təşkil edəcək.

İlkin mərhələdə istehsal olunan elektrik avtobusları əsasən daxili təlabatı ödəmək məqsədilə istifadə ediləcək. Lakin, növbəti mərhələlərdə bu avtobusların ixracı da nəzərdə tutulur. Bu layihə, Azərbaycanda yaşıl enerji və texnologiyaların inkişafını dəstəkləyərək, ölkənin nəqliyyat sektorunda əhəmiyyətli bir dönüşüm yaradacaq.