“Tesla Inc.”, iflas prosedurundan keçən Almaniyanın avtomatlaşdırma sistemləri təchizatçısı “Manz AG”-nin bəzi aktivlərini satın alır.
Almaniyada fəaliyyət göstərən “Tesla Automation GmbH” bölməsi, “Manz” şirkətinin Röytlingen şəhərindəki istehsal sahəsini əldə edəcək. Bu barədə Almaniya şirkəti məlumat yayıb. “Tesla”, “Manz”-ın 300-dən çox əməkdaşını işə götürəcək, lakin, təxminən 100 nəfər iş yerini itirəcək.
Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.
Son illərdə akkumulyator istehsalına aktiv investisiya yatıran “Manz”, dekabr ayında iflas etdiyini elan edib. Şirkət kreditorlar qarşısında borclarının bir hissəsini ödəmək məqsədi ilə bəzi digər aktivlərini də satmağı planlaşdırır.
Qeyd etmək lazımdır ki, elektrikli avtomobil istehsalçısının qiymətli kağızları ötən ilin sonunda 488$-lıq tarixi rekord həddə qədər bahalaşdıqdan sonra, ucuzlaşmağa başlayıb. Hazırda, “Tesla”-nın səhmləri 330$ səviyyəsində ticarət olunur.