Avtomobillə bağlı sürücülərin əsas diqqət yetirməli olduqları məsələlərdən də biri onun ehtiyat hissələri və təmiridir. Avtomobil ekspertləri tövsiyə edirlər ki, avtomobil almaq istəyən müştəri onun qiyməti və təchizatı ilə yanaşı, təmiri və ehtiyat hissələrinin satışının geniş olub-olmamasını dəqiqləşdirməlidirlər. Çünki qiymət və görünüş cəlbedici olduğundan, başqa detallara diqqət yetirilmədən alınan maşınlar bəzən avtomobil sahiblərini gözlənilməyən problemlərlə üz-üzə qoya bilər. Ya da avtomobilin detalı ölkədə tapılmaya bilər. Onun sifarişlə gətirlməsi isə bir neçə ay çəkə bilər. Və yaxud həmin avtomobilləri təmir edən ustalar az olduğundan təmir gecikə bilər. Nadir tapılan avtomobillərin təmiri isə istər-istəməz baha başa gəlir. Yəni bazarda usta nə qədər azdırsa, bu, təmir qiymətlərinin daha yüksək olmasına təsir göstərir.
Bəs Azərbaycanda ən rahat təmir edilən avtomobillər hansıdır?
Köhnə "Mercedes"lərın təmiri 20 dəfə ucuzdur
Ehtiyat hissələrinin tapılmasına, təmir xərcinə görə ən rahat avtomobillərdən biri istehsal tarixi 2000-ci ilə kimi "Mercedes C Class" və 1998-2002-ci model "Mercedes E Class"lardır. Qiymətinə və kefiyyətinə görə əhalinin böyük hissəsinin rəğbətini qazanan, hətta dözümlülüyünə görə taksi istifadəsi geniş yayılan bu maşınların ehtiyat hissələrini hər yerdə tapılır və həm də xeyli ucuzdur.
"Priora" və "Vaz 2107"lərin təmiri çox asandır
Rusiya istehsallı avtomobillər o qədər də komfortlu olmasalar da, təmir ucuz və xeyli rahatdır. Məsələn, "Lada 21015"in bamperinin qiyməti 85-90 manat təşkil edir. Bu detalın dəyişilməsi üçün usta xərci cəmi 20 manatdır. Hətta elə ikinci əl avtomobil var ki, onun bamperinin qiyməti nəinki bundan bahadır, hətta onun bamperinin qiymətinə başqa "Lada 21015" və ya "Vaz 2107" almaq olar. Avtomobilin detallarının ucuzluğu, təmir xərcinin aşağı olması ilə yanaşı, təmiri də çox sadədir. Yeni model hansısa Almaniya və Avropa istehsallı avtomobildən fərqli olaraq "Vaz 2107"in bamperini bərkitmək üçün cəmi bir neçə vint lazımdır.
"Tofaş"ları "Jiquli" ustaları təmir edir
Avtomobil ekspertləri Azərbaycanda təmiri ən rahat olan avtomobillər sırasında Türkiyə istehsalı olan "Tofaş"ların da adını çəkirlər."Tofaş"ların da təmir xərci, demək olar ki, "Lada"larla eynidir və ehtiyat hissələri ucuzdur. Hər iki avtomobil "Fiat" bazasında yığıldığı üçün bu avtomobillərin təmiri "Jiquli" ustaları da çox rahatlıqla həyata keçirə bilirlər.
Rayon yollarına davamlı "Niva"lar
Avtomobil ekspertləri təmiri ən rahat olan avtomobillər sırasında "Niva"ları xüsusi qeyd edirlər. Ekspertlərin sözlərinə görə, rayon yollarına davamlılığı ilə seçilən bu avtomobillərin ehtiyat hissələri də ucuzdur. Digər "Lada" modellərindən qiymətləri cəmi 5-10% bahadır.Usta xərci isə demək olar ki, eynidir.
Ən az xərc aparan avtomobil - "Toyota Corolla"
Davamlılığı və kefiyyətinə görə dünyada ən çox satılan avtomobil olan "Toyota Corolla" eyni zamanda ən az xərc aparan avtomobil kimi seçilir. Sürücü avtomobilə vaxtında diqqət yetirərsə, yəni mühərrik yağını, suyu, əyləc qəlblərini zamanında dəyişərsə, illərlə heç bir detalı dəyişmədən avtomobili idarə edə bilər. Üstəlik, bu modelin ehtiyat hissələrinin tapılmasında heç bir problem yoxdur.
Kaira Agayeva
Finss.az