Bu gün qlobal ticarət sadəcə məhsulların istehsal olunduğu yerdən istehlakçıya çatdırılması ilə bitmir, eyni zamanda, yüklərin vaxtında, sürətli, təhlükəsiz və səmərəli çatdırılmasını labüd edir. Bu tələblərin həyata keçirilməsi üçün kifayət qədər nəqliyyat vasitələri olmalı, rəqabətədavamlı mühit yaradılmadır. Avtomobil nəqliyyatının yükdaşımalarda önəmli paya sahib olduğunu nəzərə alsaq, bu istiqamətdə də addımların atılması yükdaşıma şirkətlərinin bu sektora marağının cəlb edilməsində mühüm rol oynaya bilər. Bu, ölkədaxili ticarətin stimullaşdırılması üçün də vacibdir. Bir çox ölkələr biznes məqsədli nəqliyyat vasitələrinin idxalında bir sıra vergi və gömrük güzəştləri tətbiq edir ki, bu da, ölkədaxili və beynəlxalq ticarətin, o cümlədən logistikanın inkişafına əhəmiyyətli töhfə verir.
Finss.az xəbər verir ki, ticarətin beynəlxalq miqyasda artımı ilə yükdaşıma və logistika sektorlarının da üzərinə böyük məsuliyyət düşür. Avtomobillər yükdaşıma prosesində ciddi alət olub ticarətin sürətləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq bir sıra ölkələr biznes məqsədli avtomobillərin gömrük vergilərinə güzəştlər tətbiq edir. Həmin ölkələr yükdaşıma sektorunu təşviq edərək ticarətin daha səmərəli olmasına şərait yaradır. Bu ölkələr sırasında ABŞ, Tailand, Çin, Hindistan, Avropa İttifaqı ölkələrindən Almaniya, Fransa, İspaniya, o cümlədən qonşu Türkiyə var və Rusiya da bu istiqamətdə təkliflər hazırlayır.
Məsələn, Almaniya biznes məqsədilə gətirilən avtomobillər üçün xüsusi vergi güzəştləri təklif edir. Bundan əlavə, illik idxal limitlərini ötmədiyi halda bu avtomobillərə daha aşağı gömrük rüsumları tətbiq olunur. Bu cür güzəştlər logistika xərclərini azaltmaqla ticarətin sürətlənməsinə kömək edir.
Biznes məqsədli nəqliyyat vasitələri üçün tətbiq olunacaq vergilər malın CIF ("Cost, Insurance and Freight" - dəyər, sığorta və fraxt) dəyərinə əsasən müəyyənləşdirilir. Bu dəyər avtomobillərin satış qiyməti, sığorta və çatdırılma xərclərinin cəmidir. Avropa İttifaqına daxil olmayan ölkələrdən idxal edilən bu cür avtomobillər üçün əsasən 10% dəyərində gömrük vergisi tətbiq olunur.
ABŞ-də biznes məqsədilə idxal edilən nəqliyyat vasitələri üçün aşağı gömrük rüsumları və sürətləndirilmiş idxal prosedurları təklif olunur. Bu yanaşma biznes avtomobilləri üçün daha az bürokratiya və vergi güzəştləri ilə yükdaşımalar sahəsində üstünlüklər yaradır. Yüngül yük pikap avtomobilləri, ortatonnajlı və ağır yük maşınları müxtəlif gömrük rüsumu dərəcələrinə əsasən vergiyə cəlb edilir. Bununla yanaşı, pikap avtomobilinin mənşə ölkəsi ilə ABŞ arasında mövcud olan ticarət sazişləri gömrük rüsumlarını azalda bilər.
Həmçinin pikap avtomobilinin istifadə məqsədi, məsələn, yük daşınması və ya xidmətlərin göstərilməsi, gömrük ödənişlərinin hesablanmasında əhəmiyyətli rol oynayır. Bu cür fərqləndirmələr idxal prosedurlarını daha çevik və biznes üçün daha əlverişli edir.
Çində biznes məqsədilə gətirilən avtomobillərə ümumilikdə aşağı gömrük vergisi tətbiq olunur ki, bu, xüsusilə böyük logistika şirkətlərinə cəlbedici vəziyyət yaradır. Yükdaşımaya ayrılan diqqət Çinin logistika sektorunun da böyüməsinə dəstək olur.
Çin idxal edilən biznes məqsədli avtomobillərin gömrük məsələlərini sadələşdirmək və bir sıra istiqamətlər üzrə maliyyəni azaltmaq məqsədilə 2024-cü ildə bəzi dəyişikliklər həyata keçirib. Belə ki, biznes məqsədli avtomobillərin akkumulyatorlarında istifadə edilən litium karbonat və kobalt karbonat kimi mühüm xammaddələrə tətbiq olunan idxal vergisi 5%-dən 0%-ə endirilib. Bu addım yeni elektrikli avtomobillərin qiymətini azaltmaq üçün həyata keçirilib.
Türkiyədə isə biznes məqsədilə gətirilən avtomobil idxalına istiqamətlənən müvafiq güzəştlər var. Xüsusilə Türkiyədə İnvestisiya Təşviq Sertifikatı ilə idxal ediləcək nəqliyyat vasitələri üçün gömrük rüsumundan azad oluna bilər. Bu sənəd investorlara idxalda müxtəlif üstünlüklərdən yararlanmaq imkanı verir.
Türkiyədə biznes məqsədli avtomobillərin idxalında tətbiq ediləcək gömrük vergisi dərəcələri əsasən avtomobilin modelinə, mühərrik gücünə, mənşə ölkəsinə və avtomobillərin istifadə məqsədinə görə dəyişir. Məsələn, biznes məqsədli ortatonnajlı nəqliyyat vasitələrində (pikap, mikroavtobus) əsasən gömrük vergisi 10-20% arasında dəyişir. Ancaq Avropa İttifaqı ölkələrindən idxal edilən avtomobillər üçün Gömrük İttifaqı razılaşmasına əsasən, gömrük vergisi tətbiq edilmir. Biznes məqsədli iritonnajlı nəqliyyat vasitələrində isə gömrük vergisi 10%-dək tətbiq olunur ki, bu da aşağı göstəricidir.
Rusiyada hazırda yükdaşımalar üçün nəzərdə tutulan pikapların gömrük rəsmilləşdirilməsi minik abtomobillərindən 40-50% daha ucuz başa gəlir. Bunun əsas səbəbi gömrük rəsmiləşdirilməsi zamanı pikapların təsnifatından asılı olaraq tətbiq edilən rüsum və yığım məbləğlərinin fərqli olmasıdır.
Əgər pikap minik avtomobili kimi təsnif edilərsə, yığım məbləği avtomobilin yaşından asılı olaraq 1.2-1.6 milyon rubl (11 min 813 - 15 min 751 ABŞ dolları) arasında dəyişir. Lakin pikap yük avtomobili kimi tanınarsa, utilizasiya yığımı cəmi 64.2 min rubldan (632 ABŞ dolları) 93.4 min rubla (919 ABŞ dolları) qədər təşkil edir. Bu, biznes məqsədli pikaplar üçün utilizasiya yığımının 17-19 dəfə daha az olması deməkdir. Beləliklə, pikapların təsnifatı idxalın maya dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Kaira Agayeva
Finss.az