“Volkswagen” çətin dövr yaşayır. Alman avtomobil nəhənginin satışları üçüncü rübdə 8% azalıb.
Finss.az xəbər verir ki, 2024-cü ilin ilk doqquz ayında gəlirlilik 30% azalıb. Bir sözlə, uzun illərdən sonra ilk dəfədir ki, VAG Group belə böhran yaşayır.
Əslində VAG Group-un 3 Volkswagen fabrikinin/istehsalat obyektinin bağlanması gündəmdədir. Təbii ki, bu, avtomobil sənayesinin ölkəsi olan Almaniya və Almaniya hökuməti üçün narahatedici bir vəziyyətdir.
Çünki Almaniyanın bəzi regionları (məsələn, Volfsburq) bütünlüklə avtomobildən gəlir əldə edir. Gəlir mənbəyi tamamilə “Volkswagen” fabrikləri/istehsal müəssisələri olan bölgələrdə insanların iqtisadi vəziyyəti də təhlükə altındadır. Mövzu ilə bağlı uzun müddətdir CEO Oliver Blumedən açıqlama gözlənilirdi. Nəhayət ondan açıqlama gəldi.
Bazar günü Almaniyanın “Bild” qəzetində dərc olunan müsahibəsində CEO Oliver Blume bildirib ki, satışlardakı xoşagəlməz vəziyyət “Volkswagen” markasında uzun illərdir davam edən struktur problemlərindən qaynaqlanır. Bundan əlavə, Blume markanın köhnə günlərinə qayıtmaq üçün xərcləri əhəmiyyətli dərəcədə azaltması lazım olduğunu bildirib.
Şirkətin bir çox şöbələri bu məsələ üzərində işləyir. Ancaq burada vacib bir detal var. Çünki qənaət tədbirləri çərçivəsində məşhur Drezden və Osnabrukdakı “Volkswagen” fabriklərinin/istehsal müəssisələrinin bağlanması gündəmdədir.
Kaira Agayeva
Finss.az