İsveçin avtomobil istehsalçısı Volvo, son dövrlərdə tətbiq edilən gömrük rüsumlarının təsiri ilə Türkiyədə sedan modellərinin satışını dayandırma qərarı alıb.
Finss.az xəbər verir ki, Volvo Car şirkətinin Türkiyə baş direktoru Alican Emiroğlu, mətbuat nümayəndələri ilə görüşdə, markanın kompakt SUV modeli XC40-ın benzinli mühərrik variantının artıq təqdim edilmədiyini, avtomobilin EX40 adı ilə yalnız elektrikli versiyasının təqdim edildiyini açıqlayıb.
“Sedan modellərimiz Çində istehsal olunduğu üçün, yeni ildən etibarən bu modelləri Türkiyəyə gətirməyəcəyik. Bu qərarda son gömrük rüsumlarının təsiri böyük rol oynadı. Elektrikli sedan modelləri gələnə qədər Türkiyədə sedan satışını dayandıracağıq,” - deyə, Emiroğlu qeyd edib.
2023-cü ildəki satış rekorduna da toxunan Emiroğlu, “Son 6 ildə Türkiyəyə xaricdən baxmaq fürsəti əldə etdim və bu müddət ərzində Türkiyənin əldə etdiyi uğurları xaricdən izləmək çox qürurverici idi,” - deyə bildirib.
2024-cü il üçün yeni rekord qırmağı hədəflədiklərini ifadə edən Emiroğlu, “İlin sonunda bazar gözləntimiz 850 min ədəd civarındadır. İlin qalan 5 ayında satışların yavaşlayacağını düşünürük. Marka olaraq, 2024-cü ili 2023-cü ildən daha yüksək yekunlaşdırmağı planlaşdırırıq. Beləliklə, daralan bazarda böyüyərək payımızı artırmaq istəyirik. Keçən il minik avtomobilləri bazarında bazar payımızı 1,2 faiz artıraraq, 2024-cü ilin ilk 7 ayında 1,42 faizlə rekord bir bazar payına çatdıq,” - deyə əlavə edib.
Qeyd edək ki, əvvəllər Çin mənşəli elektrik avtomobillərinə tətbiq edilən 40 faizlik əlavə vergi, 2024-cü ilin iyul ayından etibarən Çindən idxal edilən bütün yanacaq növlərinə aid avtomobillər üçün qüvvəyə minib.