Çin, Avropa İttifaqına (Aİ) qarşı Dünya Ticarət Təşkilatında (DTT) elektrikli avtomobillərə tətbiq olunan gömrük rüsumları ilə bağlı iddia qaldırıb.
Finss.az xəbər verir ki, Çin tərəfi, Aİ-nin bu tədbirlərinin 1994-cü il Ümumi Gömrük və Ticarət Sazişinin VI maddəsinə və DTT-nin Subsidiyalar və Kompensasiyalar Sazişinin müxtəlif müddəalarına zidd olduğunu irəli sürür.
Təşkilatın qaydalarına əsasən, əgər məsləhətləşmələr 60 gün ərzində mübahisəni həll etməzsə, Çin məsələni xüsusi məhkəmə heyətinə təqdim edə bilər. Ümumi Sazişin 6-cı maddəsinə görə, normal qiymətdən aşağı qiymətlərlə idxal edilən mallar mövcud sənayəyə maddi zərər vurur və ya vurmaq təhlükəsi yaradırsa, bu, pislənir. Kompensasiya rüsumları isə subsidiyanın məbləğindən artıq alınmamalıdır.
Avropa Komissiyası daha əvvəl 4 iyul tarixindən etibarən Çin istehsalı elektrikli avtomobillərə müvəqqəti kompensasiya rüsumları tətbiq edəcəyini açıqlamışdı.