Böyük Britaniyanın avtomobil tədqiqatları üzrə ixtisaslaşmış nəşri Whatcar.com, ikinci əl bazarında ən yaxşı ailəvi krossoverlərin siyahısını təqdim edib.
Finss.az xəbər verir ki, bu siyahıya daxil olmaq üçün avtomobillər geniş salon, iri yük sahəsi və orta səviyyədən yüksək təhlükəsizlik kimi bir sıra kriteriyalara cavab verməlidir. Həmçinin, qiyməti Böyük Britaniyada 20,000 funt sterlinqdən çox olmamalıdır.
Siyahının birinci pilləsində yapon istehsalı Mazda CX-5 qərarlaşıb. Ekspertlərin rəyinə görə, bu model qiymət/keyfiyyət nisbətinə görə ikinci əl bazarında ən yaxşı seçimdir. Geniş salonu, əla idarəetməsi və geniş avadanlıq seçimi ilə Mazda CX-5 xüsusilə tövsiyə olunur.
İkinci yerdə Skoda Karoq yer alıb. Mütəxəssislər 2022-ci il buraxılışlı və 1.6-litrlik TDI mühərriki ilə təchiz edilmiş avtomobili tövsiyə edir. WhatCar bu modelin komfortlu və gözəl salonunu, praktikliğini və etibarlılığını yüksək qiymətləndirib.
Üçüncü sırada Seat Ateca yerləşir. Bu model etibarlılığı, praktiki xüsusiyyətləri və geniş mühərrik çeşidi ilə diqqət çəkib. Həmçinin geniş yük sahəsi və rahat salonu ilə Seat Ateca müsbət qiymətləndirilib.
Volvo XC40 da siyahıya daxil edilib. Şved istehsalı bu model yüksək təhlükəsizlik, komfort və premium salon xüsusiyyətləri ilə seçilir. Lakin, ikinci əl bazarında nisbətən yüksək qiymətləri bəzi müştərilər arasında narazılıq doğurub.
BMW X1 ikinci əl bazarında ən populyar premium avtomobillərdən biridir. Mütəxəssislər bu modelin yolda rahatlığını, mükəmməl səs izolyasiyasını və üstün dinamik xüsusiyyətlərini xüsusilə vurğulayıblar. Ailəvi avtomobillər üçün yüksək təhlükəsizlik də BMW X1-in əsas üstünlüklərindəndir.
Volkswagen Tiguan 2021-ci il buraxılışlı 1.5-litrlik mühərriki ilə də diqqət çəkir. Bu modelin nisbətən əlverişli qiyməti və geniş salonu uzun məsafəli səyahətlər üçün uyğun olduğunu göstərir.
Peugeot 3008 Böyük Britaniyada stil, rahat sürüş və əla idarəetmə ilə populyardır. Lakin orta səviyyəli etibarlılığı bu modelin daha yüksək yerlər tutmasını əngəlləyib.
Hyundai Tucson geniş yük sahəsi və geniş salonu ilə ailəvi krossover axtaranlar üçün ideal seçimdir. Bu modelin yüksək etibarlılığı və rahat idarə edilməsi də müsbət qiymətləndirilir.
Kia Sportage əvvəlki nəsli ilə də yaxşı seçimlərdən biridir. Bu model etibarlılığı və geniş avadanlıq seçimi ilə diqqət çəkir. Orta komplektasiyalarda iqlim nəzarəti, park sensorları, oturacaq istiliyi, naviqasiya sistemi və kruiz nəzarəti mövcuddur.
Siyahını Nissan Qashqai tamamlayır. Ekspertlər bu modelin rahat sürüşü, mükəmməl səs izolyasiyası və yanacaq qənaətini qeyd edir. Lakin, etibarlılığı ilə bağlı suallar qalıb, xüsusilə dizel mühərriki ilə əlaqədar problemlər müşahidə olunub.
Bu siyahı, avtomobil axtaran ailələr üçün geniş seçim imkanı təqdim edir, hər bir model özünə məxsus üstünlükləri ilə fərqlənir.