İlin sonuna qədər 28 min ədəd Togg T10X istehsal ediləcək.
Fins.az TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, xəzinə və maliyyə naziri Mehmet Şimşeklə birgə Togg istehsal və texnologiya bazasını ziyarət edərkən deyib.
Nazirlər bazada əlaqədar şəxslərdən məlumat alıb və istehsal xəttindən çıxan “Togg” markalı avtomobillərə baxış keçiriblər.
"İlin sonuna qədər 28 min ədəd Togg T10X istehsal ediləcək. Biz Togg-un təkcə Türkiyədə deyil, beynəlxalq bazarlarda da uğurlu bir marka olması üçün dəstəyimizi davam etdirəcəyik. İstehsal səviyyəsi günü-gündən artır. Beynəlxalq bazarlarda Togg üçün 177 min ilkin tələb irəli sürülüb, bu il cəmi 28 min avtomobil istehsal olunacaq, lakin gələn il bu rəqəm 2,5 dəfə artacaq",- deyə Mehmet Fatih Kacır bildirib.
Mehmet Şimşək isə bildirib ki, Togg bazası yüksək texnologiyalı, son dərəcə səmərəli və çox böyük bir şəkildə fəaliyyət göstərən texnologiya bazasıdır. Bu, Türkiyə üçün böyük uğurdur.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.
Fuad Mədətov
Fins.az