AVTO

02 İyul

"Maşın olmadan, maliyyə sərf etmədən “Rent-a-car” şirkəti qurdum" - MÜSAHİBƏ

Nihal Hüseynzadə: “Kimisə inandırmaq üçün bahalı maşın kirayəyə götürürlər, özlərini varlı təqdim edirlər”

2010-cu ildə avtomobil icarəsi ilə bağlı şirkət qurmaq qərarı verir. Həmin vaxt nə avtomobili olur, nə də hər hansı böyük maliyyəsi. Ancaq bu sahədə iş qurmağı bacarır və hazırda iki ofislə xidmət göstərən bir şirkətə sahibdir. Söhbət “Avtopark Baku” rent-a-car (avtomobil icarəsi) şirkətinin təsisçi və direktoru Nihal Hüseynzadədən gedir.

- Nihal bəy, ilk olaraq öz işinizi qurmamışdan öncəki fəaliyyətinizdən danışaq. Hansı işlərdə çalışmısınız?

- Tələbə vaxtından işləyirdim. Avtoservisdə, dəmiryolu vağzalında çalışmışam, reklam sahəsində özümü sınamışam, avtoyuma yeri götürüb işlətmişəm. Universiteti bitirib hərbi xidmətə getdim, qayıdandan sonra turizm şirkətində işə başladım. Bir il olmadı ki, işdən ayrılıb öz işimi qurmaq qərarı verdim.

- Öz işini qurmaqla bağlı ilk təcrübəniz elə tələbə vaxtı olub. Nəticə necə idi?

- Avtoyuma yeri götürüb işlətdim. 5-6 ay davam etdi, uğurlu alınmadı. Bunun səbəbi məndən çox həmin yerdən asılı idi. Məndən əvvəl də ora avtoyuma məntəqəsi olmuşdu. Həmin şəxslər qeyri-peşəkar işləyib o yerdən müştəriləri qaçırmışdılar. Müştərilər bilmirdilər ki, dəyişilib, artıq iş elə deyil və s. O yer sürücülərin qara siyahısında idi, ona görə orda işlərim uğurlu alınmadı. Bu tipli bizneslərdə yer seçərkən bu məsələni də nəzərdə saxlamaq lazımdır.

- Turizm şirkətində işlədiyiniz vaxt rent-a-car biznesi ideyası necə yarandı?

- Turizm şirkətində nəqliyyat üzrə menecer işini görürdüm. Təxminən maşın icarəsinə yaxın iş idi. Orda artıq təcrübə yaranmışdı və düşündüm ki, mən bu işi qura bilərəm.

- Rent-a-car şirkəti deyəndə, düşünülür ki, bu işi qurmaq üçün böyük maliyyə lazımdır. Həqiqətən də böyük pul lazım oldu?

- Bu işi qurmaq üçün heç bir maliyyə sərf etmədim. Rent-a-car biznesi qurmaq üçün ilk olaraq bacarıq, ağıl, məntiq lazımdır. Daha sonra dost-tanışın sənə inanması, kömək etməsi önəmlidir. İlk dönəm üçün bunlarla işi qurdum, sonrakı dövrdə isə biznes kreditləri ilə işi böyütdüm.

- İşi necə qurdunuz? Nədən başladınız ki, pul lazım olmadı?

- Şirkət qurmaq üçün sifarişlər və müəyyən müştəri bazası olmalı idi. Sonra artıq davamı gəlir. Bu səbəbdən 2010-cu ildə bu sahədə bir növ makler kimi işə başladım. Turizmdə nəqliyyat sahəsində işlədiyim üçün kimdən hansı maşını kirayə götürməyin mümkün olduğunu bilirdim. Əsas olan müştəriləri tapmaq idi. Müştəriləri tapırdım, maşını olan şəxslərdən maşını icarəyə götürüb müştərilərə verirdim. Maşını olan şəxsdən mən müəyyən ödənişlə kirayə götürürdüm, sonra üzərinə müəyyən qədər pul qoyub özüm icarəyə verirdim. Maşın sahibi də qazanırdı, mən də. Hardasa 3 il bu cür davam etdim.

- Həmin vaxt öz maşınınız var idi?

- Yox, öz maşınım olsaydı, onu da icarəyə verərdim, amma o belə yox idi. Ona görə deyirəm ki, mən sıfırdan yox, mənfidən başlamışam (Gülür).

- Bir çox şəxslər işi rəsmi hala gətirməyənə qədər rəsmi olaraq başqa yerdə işləyirlər, qurmaq istədikləri işi paralel şəkildə aparırlar. Siz amma həmin müddətdə başqa yerdə çalışmamısız. Niyə?

- Çünki əsas fikrimi buna vermişdim. Bir hədəfə vurmağın daha yaxşı olduğunu düşünürəm. Bir işlə məşğul olub püxtələşmək lazımdır.

- 3 il sonra artıq işi rəsmiləşdirdiz?

- Burda iş maşını götürüb başqasına kirayə verməklə bitmir. Davamlı bazarda qalmaq istəyirsənsə, müştəri məmnuniyyəti önəmlidir. Əgər o olursa, zamanla müştəri bazası formalaşır. Müştəri müştəri gətirir. Digər tərəfdən, işdən qazandığım maliyyəni avtomobil almağa deyil, müştəri cəlb etməyə, reklama yatırırdım. 3 il ərzində müştəri bazam çoxaldı. Artıq ətrafımda rəsmi işə keçəcək qədər müştəri yaranmışdı. Ona görə 2013-cü ildə rəsmi şəkildə işi qurdum, ofis açdım. Bundan sonra avtomobil almağa maliyyə sərf etməyə başladım.

- Müştəri cəlb etmək üçün hansı vasitələrdən istifadə edirdiniz?

- Mən daha çox xarici kütləyə, turistlərə fokuslanmışdım. Ona görə internet üzərindən müştəri cəlb edə bilirdim. Çünki turistlər hər bir xidməti internet üzərindən axtarırlar. İlk olaraq sayt vasitəsilə bu cür başladıq. Veb saytımızı digər saytlarda reklam etdirirdik. Sonra sosial şəbəkələr üzərindən də işlədik.

- 3 il sonra maşın almağa maliyyə sərf etdiyinizi dediniz. İlk olaraq neçə maşın aldınız?

- 3 il sonra artıq müəyyən qədər maliyyəm yığılmışdı. Bir maşın almaq qərarı verdim. Yığılan pulla ödənişin bir hissəsini etdim, qalanını da kreditlə ödədim. O maşını həm özüm sürürdüm, həm də kirayəyə verirdim. İl yarım sırf özümüzə məxsus maşın o oldu. İl yarıma krediti bitdi, sonra başqa maşın kreditə götürdüm. Daha sonra ailəmdən maliyyə alıb işə yatırıb yeni maşın aldım. Əlavə maşınları olan dost-tanış, ailəyə yaxın adamlar eşitdikcə, bildikcə maşınlarını icarəyə vermək üçün mənə həvalə etdilər. Belə-belə maşınların sayını artırdım. 2017-ci ildə isə Fəvvarələr meydanı tərəfdə də bir ofis açdıq. Hazırda iki ofisdən xidmət göstəririk.

- Hazırda neçə maşınla xidmət göstərirsiz?

- Hazırda balansımızda maşın sayı 30-dan yuxarıdır. 12-13-ü şirkətindir, qalanı dost-tanış, qohum-əqrəba. Əslində, daha çox idi. 2015-ci ildəki devalvasiya vaxtı 5 maşın itirdik. Kreditlərimiz dollarla olduğu üçün borcumuzu bağlayaq deyə məcbur bir qismini satdıq. Devalvasiyadan sonra artıq nağd almağa üstünlük verirəm, kreditlərdən çəkinirəm. Kreditdə yalnız bir maşınımız var. Elə şirkət var ki, 60 maşını var, 50-si kreditdədir, amma mən buna getmirəm.

- Bəs özünüzə nə vaxt ayrı maşın aldınız?

- Bu işə keçəndən sonra “mənim öz maşınım” anlayışı olmadı. Hansısa maşını alıram ki, bunu özüm sürəcəm, sabah icarəyə verirəm (Gülür).

- İcarə şərtlərinə gələk. Tutaq ki, mən maşın icarəyə götürməyə gəlmişəm. Hansı sənədləri tələb edirsiniz?

- İlk olaraq sürücülük və şəxsiyyət vəsiqəsi lazımdır. Eyni zamanda 23 yaşdan yuxarı olub-olmadığınıza, sürücülük təcrübənizin bir ildən az və ya çox olub-olmadığına baxacağıq.

- Yaşı 23-dən aşağı olanlara vermirsiz?

- Yaş 23-dən azdırsa, sürücülük vəsiqəsini aldığı müddət 1 ilə çatmayıbsa, sığorta şərtləri kəskinləşir. Bunu biz yox, sığorta şirkəti bizə tətbiq edir. Bu məqamda biz sığorta şirkətindən asılıyıq. Maşınlarımızın hamısı sığortalıdır. Hər maşının sığorta ödənişi fərqlidir. Hər maşının sığortasında da ayrıca azadolma məbləği var. Elə maşın var ki, orda azadolma məbləği 100 manatdır, eləsi var ki, 1000 manat. Bu məbləğ hər maşına görə dəyişir. Azadolma məbləğ odur ki, hadisə baş verəndə, o məbləği mütləq müştəri ödəyir. Tutaq ki, müştəri maşınla qəza keçirdi, maşına 2000 manatlıq ziyan dəydi. Və o maşında sığortadan azadolma məbləği 500 manatdır. Bu zaman sığorta şirkəti dəymiş ziyanın 1500 manatını ödəyir, 500 manatı müştərinin üzərinə düşür.

23 yaşdan yuxarı və sürücülük təcrübəsi bir ildən çox olanlar üçün qeyd etdiyim qaydalarla verilir. Yaşınız 23-dən azdırsa, sürücülük vəsiqəsi almağınızın bir ili tamam deyilsə, azadolma məbləği 500-dürsə, sizə 1000 manat olur. İkiqat hesablanır. 1000 manatdırsa, 2000 manat olur.

- Sürücülük vəsiqəsi olan hər kəs heç də yaxşı sürücü deyil. Bunu necə müəyyənləşdirirsiz?

- Bəzən əksi də olur. Adam çox yaxşı sürücüdür, amma sürücülük vəsiqəsi yoxdur, ya da gec alıb. Sadəcə rəsmiyyətdən irəli gələn məsələdir. Gələn hər kəsə maşın vermirik, müştərini analiz edirik, şübhəli nə isə olursa, vermirik. Təbii ki biz onu heç də həmişə müəyyən etməyə bilmərik.

Ən çox qadın müştərilərlə bağlı belə narahatlıq olur. Ona görə qadınlar maşın kirayə götürəndə, onların sürücülük bacarıqlarının olub-olmadığını yoxlayırıq. Bizim bir əməkdaşımız maşına oturur, xanım bir tur şəhərdə maşın sürür. Düzdür, yaxşı sürücülük qabiliyyəti olan xanımlar var, amma təcrübədə müəyyən riskləri gördüyümüz üçün bunu tətbiq edirik. 

- Qəza halları olurmu?

- Maşındırsa, yola çıxırsa, qəza ehtimalı var. Həm daha çox xarici müştərilərlə işləmişik, həm də müştəriləri maksimum analiz edib verdiyimiz üçün qəza halları çox yaşanmır. Amma bu il iki qəza olub. Bizim üçün son 5 ilin ən böyük hadisəsi sayılır. Ayrı-ayrı vaxtlarda olub, ikisi də yerli müştəridir. Biri içkili olub qəza törədib, digəri sadəcə diqqətsizlikdən olub. Hər maşına 10 min manat ziyan dəyib.

- Zərəri sığorta qarşıladı?

- Bir hadisədə sürücü içkili olduğu üçün mübahisəli məsələdir. Sığorta şirkətlərinin içkili zaman baş verən qəzalarda sığorta ödənişindən imtina etməsi 95 faizə yaxındır. Ola bilər ki, imtina etsin. Ola bilər ki, bizim şirkətlə neçə illik əməkdaşlığı nəzərə alıb imtina verməsin. Biz neçə illərdir onlarla işləyirik və belə güclü hadisələrimiz olmayıb. Onlar üçün yaxşı müştəriyik. İş məhkəmədədir. Fevral ayında baş verib, bir nəticə yoxdur. Əgər sığorta qarşılamasa, müştəri ilə bizim üzərimizdə qalır. Müştəri də deyir ki, pulum yoxdur. Digər qəzada da sığorta ödənişini hələ ki almamışıq, orda da mübahisəli məqamlar var. Bizim işdə dəyən ziyan böyük olur. Ümumiyyətlə, bu işdə risk həddindən artıq çoxdur.

- Başqa hansı risklər var?

- Maşını oğurlaya bilərlər. Yaxud partlayış olar, maşın tamamilə sıradan çıxar. Qəzada elə vəziyyətə düşər ki, ələ gəlməz. Maşında cinayət işi baş verə bilər. “Maşını verdim, pulu alıb cibimə qoydum” - deyil. Risk həddindən artıq çoxdur. Şirkətlərindən birinin maşınını qaçırıb detal-detal edib satmışdılar. Bu kimi hallar belə olur.

- Qeyd etdiniz ki, ilk vaxtlar müştəri cəhətdən turistlərə fokuslanmışdınız. Sonra necə davam etdi?

- Pandemiya dövrünə qədər çoxluq turistlərdə idi. Pandemiya dövründə turizm zəiflədi deyə, daha çox yerli müştərilərlə işlədik.

- Turistlərlə işləyərkən problemlə üzləşməməyinizin səbəbi nədir?

- Çünki bu xidmət sahəsi bizə xarici ölkələrdən gəlib. Dünyanın hər yerində bundan yararlandıqları üçün qaydaları yaxşı bilirlər. Maşını icarəyə veririksə, ödənişdən əlavə depozit məbləği də tələb olunur. Bu depoziti xaricilər sorğu-sualsız ödəyirlər. Çünki qaydanın belə olduğunu bilirlər. Yerli müştərilər bəzən deyirlər ki, bu nə qaydadır, pulum yoxdur və s. Elə bilirlər ki, onları aldadırırq, sonra pulu verməyəcəyik. Düzdür, elə “Rent-a-car” şirkətləri var ki, peşəkar işləmirlər, müştərilərdən depozit kimi aldıqları pulu sonra müəyyən bəhanələrlə geri qaytarmırlar. Yəqin ki müştərilər də bunları gördükləri üçün qorxurlar. Yenə də hər şirkət eyni deyil.

- Yerli müştərilər maşın kirayə götürməyə hansı hallarda gedirlər?

- Gəzmək məqsədi ilə götürənlər olur. Elə adam var ki, yaxşı sürücüdür, amma maşını yoxdur, ailəsi ilə rayona getməlidir, maşın götürür ki, rahat gedib-gəlsin. Elə adam var ki, maşını alçaqdır, rayona gedir, o yol üçün münasib maşın icarəyə götürür. Maşını ustada olan adamlar da müştərilərimiz siyahısında çoxdur. Kimsə iş görüşünə gedir, orda yaxşı təəssürat yaratmaq istəyir, bu səbəbdən maşına götürə bilər. Bunlar yaxşı məqsədli idi, ancaq pis məqsədlərlə götürənlər də olur. Məsələn, dələduzluq üçün də götürürlər. Kimisə inandırmaq üçün bahalı maşını kirayəyə götürürlər, özlərini varlı təqdim edirlər. Belə işgüzaram, biznesim var filan. Adamı aldadıb pulu alır, aradan çıxır. Adamlarda da maşının nömrəsini qalır. Maşını götürüb lombarda girov qoyanlar olur. Adam aradan çıxır arada lombardla “Rent-a-car” şirkəti qalır. Bu da lombardların günahıdır, sənədlərə ciddi baxmırlar. Maşın hüquqi olaraq şirkətin olduğu üçün hər bir halda geri alınır. Sadəcə şirkət üçün vaxt itkisidir, mübahisədir. Qeyd etdiyim məqamlar bizim şirkətin başına gəlməyib, ümumi olaraq bazarda müşahidə etdiklərimi dedim.

- Maşınların icarə müddəti ilə bağlı minimum və maksimum vaxt limiti varmı?

- Bakı şəhəri daxilində minimum 2 günlük veririk, rayon üçün götürürsə, minimum 3 gündür. 1 günlük verilmir. Maksimum nə qədər istəsəniz, götürə bilərsiniz.

- 1 günlük də avtomobil lazım ola bilər, bunu niyə vermirsiz?

- Bir günlük ödəniş maşının xərclərini qarşılamır. Müəyyən hallarda daimi müştərilərə güzəştə gedib 1 günlük veririk. Amma adam gəlib deyir ki, mənə günü 50 manata maşın ver. Soruşuruq, deyir ki, Qazaxa gedirəm. Qazaxa gedib gəlmək 1000 km edir. Adam maşını şəhərdə də sürəcək. Rahat bir günə 1200-1300 kilometr gedəcək. Bu da 50 manata dəymir. Adi yol maşınları adamın birini 20-25 manata aparır. Maşının xərci çoxdur. Digər tərəfdən, bir sutkaya götürdüyü üçün hər işini tələsik həll etməyə çalışacaq, qaçaqaçda olacaq. Hər işi bir günə çatdırmaq istəyəcək. Bu zaman daxilində gərginlik yaranır ki, vaxtında çatdırıb maşını qaytarım. Tez sürə-sürə gedəcək. Risk, təhlükə artır. 2-3 günlük götür, bir-iki gün artıq qal, rahat işlərini gör.

- Ən uzun müddət kirayə götürən nə qədər olub?

- Uzun müddətlik şirkətlər götürürlər, yaxud layihələrlə bağlı olur. Dövlət layihələri olur, onlara 1-2-3 illik maşın lazım olur, götürürlər, istifadə edirlər. Fiziki şəxslər maksimum 2-3 ay götürürlər.

- Kirayə qiymətlərinə gələk.

- Ən ucuz günü 50 manatadır, ən baha da günü 1500 manata. 50 manata olan ekonom klass maşınlardır. “Kia Cerato - 2013”ün gündəlik icarə haqqı 65 manatdır. “Mitsubishi Pajero”nun ili 2013 olanın gündəlik ödənişi 110 manatdır, 2008-ci il olanının 80 manat. “Chevrolet Aveo”nun 3 günlük ödənişi 165 manatdır. “Hyundai Santafe” 2-3 gün götürülürsə, günlük ödənişi 95 manat olur. Bir aylıq götürülsə, günlük qiymət 60 manat olar. “Hyundai Accent”in 3 günlüyü 195 manatdır. Bir aylıq götürsələr, qiymət 1200 manat olur. “Porsche Cayenne”nin günü 220 manatdır. “Toyota Land Cruiser” üçün gündəlik ödəniş 185 manat müəyyənləşdirmişik. “Mercedes Benz ML 350”nin minimum kirayə müddəti 3 gündür. Ödəniş 900 manatadır. 10 günlük götürürsünüzsə, qiymət 2500 manat olacaq. “Mercedes Benz S class (w222)”ın 2 günlük ödənişi 900 manatdır, 10 günlük 4000 manata hesablanır. “Range Rover 2017” 3 günlük 1350, 10 günlük 4000 manata icarəyə verilir. Bundan başqa, orta və iritutumlu nəqliyyat vasitələrinin də icarəsini təqdim edirik. Hər birinin qiymətləri ilə saytımızda tanış olmaq mümkündür.

- 1300-1500 manata icarəyə verilən maşınları tez-tez götürürlər? Bu tipli maşınların müştəriləri kimlərdir?

- Tez-tez götürüldüyünü deməzdim, amma vacib qonaqları olanlar, xeyir işləri olanlar götürürlər. Elə adam var ki, özünün yuxarı sinif maşını var, ancaq bir neçə günlük təmirə verib, imicini qorumaq üçün kirayə üçün də yuxarı sinif maşın götürür.

- Xeyir iş deyəndə, bəy-gəlin maşınını nəzərdə tutursuz?

- Yox, bəy-gəlin maşını bizdə yoxdur. Bizim iş eyni görünsə də, fərqlilik də var. Onlar sırf toya işləyirlər, əhali tərəfindən estetik olaraq daha çox bəyənilən maşınlara üstünlük verirlər.

- “Rent-a-car” şirkəti üçün maşın seçimi necə aparılır?

- İlk olaraq dözümlülüyünə fikir veririk. Fərqli seçim olsun deyə, görünüş cəhətdən də üstünlük verib seçdiyimiz maşınlar olub. Amma əsas dözümlülüyüdür. Ağ, qara, gümüşü, tünd göy tipli rəng maşınlar bizdə daha çox istifadə olunur, ona görə seçimi bu rənglərdən yana edirik. Qırmızı, sarı rəng maşınlar almırıq. Qırmızı rəngdə sport maşınımız olub. Sport maşınların rənglilərinə tələbat olur.

- Rayon və Bakıya icarəyə verilmə qiyməti arasında fərq olurmu?

- Qiymətləri rayon və Bakı deyə bölmürük. Qayda belədir ki, iki gün üçün 700 kilometr sürmə məsafəsi qoyulur. Əgər ondan artıq gedilirsə, hər kilometr üçün 30 qəpik əlavə yazılır.

- Depozit məbləği ilə bağlı bir fikir dediniz. İcarəyə götürmə hallarında həmişə depozit məbləği də qoyulmalıdır?

- Bəli. Standart depozit məbləği 200 manatdır. Ancaq maşınlara görə depozit 300-500-800 və s. manat ola bilər. Maşına görə dəyişir.

- Sürücü ilə təminat məsələsi ilə bağlı saytınızda qeyd var. Bütün hallarda sürücü ilə təminat var?

- Bəli, hər bir sifarişdə sürücü ilə təminat mümkündür. Əgər sürücü də istəsələr, sürücü üçün gündəlik 25-30 manat ayrıca ödəniş edilməlidir. Bunun bir üstünlüyü var ki, sürücülük vəsiqəsi olmayan şəxslər də maşın götürə bilərlər.

- Yəqin ki unutmadığınız müştəriləriniz də var. Onlardan biri haqqında danışaq...

- Maşınımızı qaçırıb satan müştəri olmuşdu, onu deyə bilərəm. Çox peşəkarcasına işləmişdi, heç yerdə iz buraxmamışdı. Tam olaraq məbləği almamışdı, 15-16 minini almışdı. Bilib ki, icarəyə maşın götürəndə, sənədi bizdə olacaq, söhbətə polis qarışanda, sənəd ortaya çıxacaq. Öz sənədini qoymamaq üçün plan qurur. Deməli, iş elanları içərisində sürücü işi axtaran birini yığır, özünə işçi kimi çağırır. Deyir ki, səni işə götürürəm, 500 manat da maaşın, buyur əvvəldən verirəm. Adam da deyir ki, hələ indi başlayıram, axırda verərsən. Deyir ki, yaxşı axırda verərəm. Sürücüyə deyib ki maşınım gömrükdədir, 2-3 günə çıxacaq, “Rent-a-car”la danışmışam, filan yerdədir, bu pulu, bu depoziti, bu da sənin taksi pulun, get götür, 2-3 günlük idarə edək. Həmin sürücü gəlib bizdən maşını götürüb, aparıb həmin şəxsə verib. Bundan sonra həmin dələduz planını həyata keçirir. Götürdükləri bahalı maşın idi. Maşını bazardakından 5-6 min manat ucuz qiymətə satış saytına yerləşdirir. Ucuz qoyulduqda, maşına dərhal da müştəri tapılır. Adam gəlib maşına baxır, bəyənir, 100-200 manat beh verir. Danışırlar ki, sabah gedək rəsmiləşdirək. Adam da bizdən 3 günlük götürüb. 3 gündə bu işi yekunlaşdırmalı, tapdığı müştəridən pulunu almalıdır. Behi aldıqdan sonra behi verən adama zəng vurub yalan-dolanla onu bişirir, maşın bankdadır, müəyyən sənəd problemi var və s. Mənə bir az pul lazımdır, görüşək ver, axırda haqq-hesab edərik. Adam da 15 mini verir. Alandan sonra telefonu söndürür. Zəng çatmayanda, müştərisi aldadıldığını hiss edir, polisə məlumat verir. Polis maşının nömrəsini vurur, şirkətə məxsus olduğunu görür, gəlib maşını kirayə verdiyimiz adamın sənədlərini bizdən götürür. Amma təbii ki öz adına götürmədiyi üçün məsələ bir az çətinləşirdi. Prosesin necə olduğunu bilmədim, amma maşınımızı geri aldıq. Fed.az