AVTO

25 May

Azərbaycanda Ekomobil bazarı: Fərman İmamquliyev ilə MÜSAHİBƏ

“Ekomobil” şirkətinin direktoru Fərman İmamquliyev Fins.az müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Şirkətiniz və özünüz haqqında qısa məlumat verərdiniz.

“Ekomobil” şirkəti 2014-cü ildə Bakıda yaradılıb. Ötən illər ərzində həm dövlət layihələrində iştirak etmiş, həm də özəl sektora xidmət göstərmişik. Biz elektromobillərin həm satışı, həm də texniki servisi ilə məşğul oluruq. Azərbaycanda ilk dəfə elektromobillərin, qolf-karların texniki servisini təklif edən şirkət biz olmuşuq.

Mən - Fərman İmamquliyev şirkətin direktoruyam. İlk gündən şirkətin strukturunu yaradan şəxs olmuşam.

Şirkətin yaranması üçün tələbat var idimi?

Azərbaycanda turizmlə bağlı potensialı hiss edirdik. Bildiyiniz kimi, turizm sektorunda elektromobillərə böyük ehtiyac var. Cənab Prezident İlham Əliyevin də bir sıra obyektlərin açılış mərasimlərində iştirakı zamanı elektomobillərdən istifadə etdiyinin şahidi olmuşduq. Amma həmin zamanlarda ölkəmizdə nə elektromobillərin satışı, nə də keyfiyyətli texniki servisi var idi. Buna görə də, qərara aldıq ki, biz bu xidmətləri kompleks şəklində təqdim edək. Məqsədlərimizdən biri də ekomobillərin təşviqini həyata keçirmək olub. Yəni, Azərbaycanın, xüsusilə də paytaxt Bakının ekoloji nəqliyyat vasitəsinə ehtiyac duyduğunu hiss edirdik.

Hər yenilik müəyyən çətinliklər hesabına başa gəlir. Sizin qarşınıza hansı maneələr çıxdı?

Əsas çətinliyimiz müştərilərimizin, görüşdüyümüz şirkətlərin bu məhsullar haqqında məlumatlarının az olmasında idi. Biz bu illər ərzində həm məhsullar haqqında məlumatları yaymaqla məşğul olduq, həm də texniki tərəflərini işlədik. Belə ki, ilk müştərilərimiz ekomobilləri bahalı bir oyuncaq kimi alırdılar. Biz isə aldıqları məhsulların daha uzunmüddətli istifadəyə yararlı olduğunu izah etməyə çalışırdıq. Texniki servislə məşğul olmağımız isə tam yerinə düşdü. Çünki biz fəaliyyətə başlayana qədər bir çox zavodlarda, hotellərdə olan elektromobillər yararsız halda bir tərəfə atılmışdı. Biz həmin maşınların əksəriyyətini bərpa edib yenidən işlək vəziyyətə gətirdik.

Əməkdaşlığınız daha çox hansı ölkələrlə olur?

Şirkətimiz yaranan gündən təklif etdiyimiz bütün məhsullar italyan brendləri olub. “İtalcar” adlanan brendin Azərbaycandakı distributoruyuq. Son bir ildə isə türk brendi olan “Pilotcar”ı da paralel olaraq təklif etməyə başlamışıq. Saytımıza baxsanız, bir sıra modellərlə tanış olmaq imkanınız olacaq.

Qiymətlər maraqlıdır. Ekomobillərin qiyməti adi avtomobillərdən çoxmu bahadır?

Bizim bazarda təqdim etdiyimiz əsas məhsul qolf maşınlarıdır. Yəqin ki, hotellərdə, bulvarda, zavodlarda onlara rast gəlmisiniz. Sifariş əsasında şəhər tipli elektromobillər də təqdim edirik. Qolf tipli maşınlar daim stokda var, şəhər tipli elektromobillər isə yalnız sifarişlə gətirilir. Bu avtomobillərin adi benzin, dizellə işləyən maşınların qiymətindən fərqi çox böyükdür. Bu da akkumlyatorların, maşınların digər tərkib hissələrinin istehsalının çox baha olması ilə əlaqədardır. Elektromobillərin tədqiqatının uzun illər aparılması da maya dəyərinin baha olmasına səbəb olub. Nəticədə satış qiyməti də baha alınır.

Bu biznesin riskli tərəfi nədir?

Ən böyük risk içərisində olduğumuz pandemiya dövrüdür. Pandemiya bizə yeni format göstərdi. Turizm sektorunun qapalı vəziyyətə düşməsi göstərdi ki, bizim sahəyə də böyük zərbə dəyə bilər. Nəticə olaraq bu proses neft, benzin qiymətlərinə də təsirsiz ötüşməyib. Tələb azaldıqca təklif də azalır, bu isə qiymətə təsir edir. Hər yer bağlı olduğu üçün biz də məhsullarımızı təklif edib sata bilmədik.

Elektromobil biznesi üçün digər bir risk benzin, dizel qiymətlərinin aşağı düşməsi ilə bağlı olur. Neft ölkələrində bu daha böyük risk hesab olunur.

Azərbaycanda isə elektromobillərlə bağlı yeni tendensiya yaranır. Burada artıq qiymət, xərc məsələsi o qədər də önəmli deyil. İnsanları daha çox ekoloji vəziyyət düşündürür. Bütün dünyada, o cümlədən bizdə ekoloji vəziyyətin fəsadlarını hiss etməkdəyik. Elektromobillər bu problemi aradan qaldırmağın yeganə yoludur.

Dövlətin elektromobillərin inkişafındakı rolunu necə qiymətləndirirsiniz? Ümumiyyətlə, dövlət tərəfindən sizə hansısa imtiyazlar olubmu?

Bu gün ən böyük imtiyazımız gömrükdə elektromobillərin ƏDV-dən azad olmasıdır. Yalnız gömrük tarifi ödənilir. Bu gün müzakirələr aparılır ki, ümumiyyətlə tarifdən də azad olaq. Ümumiyyətlə, elektromobillərin əksər dünya ölkələrində 0 vergi və 0 tariflə gətirilir. Bu gün 18 faizlik ƏDV-dən azad olmağımız özü də böyük imtiyazdır. O ki qaldı gələcəkdə elektromobil istifadəçilərinə verilə biləcək imtiyazlara, bu, müxtəlif yerlərdə parkinq icazəsi, avtobus zolağından istifadə ola bilər. Bunlar da olsa, elektromobillərin istifadəsi üçün əsl təşviqat, motivasiya olacaq.

Şirkətin marka portfeli necə qurulub? Brend və modellər haqqında məlumat verərdiniz.

Biz bir sıra modellərlə maraqlanırdıq. Nəticədə qərara aldıq ki, keyfiyyətinə və qiymətinə görə italyan brendlərini seçək. Biz ölkəmizdə bir neçə brendin nümayəndəsiyik.

Bunlar: ITALCAR, TAZZARI, Tesla (sifarişlə), PILOTCAR-dır.

Onu da qeyd edim ki, bir sıra brendlərin təkcə Azərbaycanda deyil, həmçinin Qazaxıstanda, Özbəkistanda, Rusiyada da nümayəndəsiyik.

Siz bir biznesmen olaraq yalnız ekomobil ticarəti ilə məşğul olursunuz?

Paralel olaraq kənd təsərrüfatı və nəqliyyat sektorunda digər layihələrimiz də var. Ekomobillərlə bağlı mövsüm tam açılmadığına görə daha çox vatımı həmin layihələrə ayırıram.

Ekomobil bazarına qayıdaq. Rəqibləriniz nə qədər aktivdir? Bu bazarın inkişafı, şaxələnməsi üçün nə təklif edərdiniz?

Hazırda bazarda rəqiblərimiz elə də çox deyil. Bir və ya iki şirkət var ki, onlar da öz səhələrində aktivlik göstərirlər. Bir-birimizə heç bir maneçiliyimiz yoxdur. İnkişaf məsələsinə gəlincə, elektromobillərin təbliğinin ən vacib tərəfi qiymət siyasətidir. Qiymət siyasətinə təsir göstərən ən əsas amil gömrük xərcləridir. İnkişaf üçün gömrük xərclərini aşağı salmaq və ya sıfırlamaq daha yaxşı olardı. Bizim istehsalçıya qiymət baxımından təsir etmək imkanımız yoxdur. Rəsmi nümayəndə olaraq yalnız elektromobillərin maya dəyərini maksimal dərəcədə az etməliyik. Gömrük xərcləri azalsa, istədiyimiz ola bilər.

Tuncay Türbəndəzadə