AVTO

18 May

Mercedes-Maybach yeni modelinin xarakteristikaları açıqlanıb

Bir neçə gün bundan öncə, Mercedes-Benz şirkəti Maybach subbrendinin bayraqdar modeli olan Mercedes-Maybach S 680 modelinin şəkillərini dərc edərək müəyyən məlumatla bölüşmüşdü.

Flaqman sedanının 6,0-litrlik V12 mühərriki ilə təchiz olunduğu təsdiqlənsə də, güc aqreqatının xüsusiyyətləri açıqlanmamışdı. Bu məsələyə alman istehsalçısının dilerləri aydınlıq gətiriblər. Sizi çox intizarda saxlamayacağam – 6,0-litrlik V12 biturbo mühərriki 612 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı 9G-Tronic “avtomatı” ilə tandemdə çalışır.Bu rəqəmlər sizə tanış gələ bilər və burada təəccüblü bir şey yoxdur, çünki yeni flaqman əvvəlki Mercedes-Maybach S 650 modelinin birbaşa varisidir.  Flaqman sedanı 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır.

Qeyd edək ki, superkar və hiperkarları saymasaq Mercedes-Maybach S 680 modeli dünyanın ən bahalı avtomobillərindən biri olacaqdır. Dəbədəbəli sedanın Almaniyadakı satış qiyməti 217 min avrodan başlayır.