Türkiyənin avtomobil istehsalçısı “Oyak Renault” qlobal kompüter çipi çatışmazlığı səbəbi ilə istehsalını martın 15-dən 22-nə qədər dayandıracaq.
Bunu şirkətin idarəedici direktoru Antoine Aoun deyib. Bu barədə report məlumat yayıb.
Məlumata görə, ötən ildən bəri çip çatışmazlığı müxtəlif qlobal avtomobil istehsalçılarının işində fasilələrə səbəb olub. Çip böhranı ölkədəki digər avtomobil istehsalçılarına yayılarsa, makroiqtisadiyyata mənfi təsiri hiss ediləcək.
“Oyak Renault” 2020-ci ildə Türkiyənin ümumi avtomobil ixracatının 23 %-ni təşkil edib. Belə ki, Türkiyənin ixrac etdiyi 930 038 avtomobildən 211 954-ü bu şirkətin payına düşüb.
Qeyd edək ki, “Oyak Renault”un Türkiyənin Bursa vilayətindəki zavodunda illik 378 min avtomobil və 920 min mühərrik istehsal gücünə sahibdir və burada şirkət “Clio” və “Megane” modelləri istehsal edir.
“Oyak Renault” 2019-cu ildə 25 milyard türk lirəsi (3,3 milyard ABŞ dolları) istehsal əsaslı satış ilə Türkiyənin dördüncü ən böyük sənaye şirkəti olub. İlk 3-lükdə isə Tupras Neft Emalı Zavodu, Ford Otosan (FROTO) və Toyota Türkiyə qərarlaşıb. Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) nəzarətində olan İzmir yaxınlığındakı STAR neft emalı zavodu isə 5-ci olub. Ancaq koronavirus pandemiyası Türkiyənin neft emalı zavodlarına çox ciddi təsir göstərib.
BBC dünən Avropa Komissiyasının onilliyin sonunadək qabaqcıl kompüter çipləri istehsalını artırmaq üçün iddialı bir hədəf təyin etdiyini bildirib. Bu çiplərin dəyər baxımından 20 %-nin 2030-cu ilə qədər Avropa İttifaqı sərhədləri daxilində istehsal olunmasını istəyir. Bu rəqəm ötən il 10 % səviyyəsində idi. Ancaq çip istehsal edən fabriklərin yaradılması olduqca bahalıdır. ABŞ-ın Yarımkeçiricilər Sənaye Birliyinin (SIA) 2020-ci il hesabatına görə, böyük bir zavodun tikilməsi və hazırlanması 20 milyard ABŞ dollara başa gələ bilər.