AVTO

08 Yanvar

Heyvan sahiblərinə 264,9 min manat subsidiya ödənilib

2019-cu ildə Şəki rayonunda 6577 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, 2018-ci illə müqayisədə 134 baş çoxdur. İl ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 3164 baş buzov və balaq doğulub. Ötən il Şəki rayonu üzrə 2216 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 2649 baş cinsi yaxşılaşdırılmış buzova görə 264 min 900 manat subsidiya ödənilib.

Fins.az xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək fermerlər tərəfindən rayona dövlətin güzəştlı şərtləri ilə satılan 384 baş damazlıq düyə alınıb gətirilib. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına ailə təsərrüfatlarında mövcud olan 70,5 min baş mal-qaranın qısa müddətdə cinsini yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinə üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır”.

Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 4 ildə Şəki rayonu üzrə 5307 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 6474 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 647 min 400 manat subsidiya ödənilib.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, 2019-cu ildə Şəki rayonunda ət istehsalı əvvəlki illə müqayisədə 3,6 faiz, süd istehsalı isə 1,3 faiz artıb.