AQRO

19 Avqust

Nazirlik kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

Daxili İşlər Nazirliyi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə vacib bir müraciət ünvanlayıb.

Finss.az-ın verdiyi məlumata görə, nazirlikdən yayılan açıqlamada vurğulanıb ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, texniki tələblərə cavab verməyən kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin davam etdiyi müşahidə olunur. Bu cür texnikaların, xüsusən də istifadəyə yararsız, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz və dövlət qeydiyyat nişanları yerində olmayan vasitələrlə daşımaların həyata keçirilməsi, sürücülərlə yanaşı, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır.

Nazirlik, həmçinin, əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınmasının, ot kütləsinin və müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsinin ağır qəzaların baş verməsinə səbəb ola biləcəyini xatırladıb.

Mövsümlə əlaqədar olaraq əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, Nazirlik kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, işçilərin yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, sürücüləri isə məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırıb. Eyni zamanda, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyi də vurğulanıb.