IKT

06 May

Bu il ölkədə su problemi gözlənilirmi?

Ötən il Azərbaycanda yay mövsümündə quraqlıq müşahidə edilib. 2020-ci ildə Azərbaycanın su təminatının əsasını təşkil edən Kür çayında suyun səviyyəsi azalıb. Bu isə ölkədə su probleminin yaşanmasına səbəb olub. Ölkədə həm içməli su ilə bağlı, həm də suvarma ilə bağlı problemlər yaşanıb. Hətta, Neftçalada və bəzi ərazilərdə su problemi pik həddə idi. Bəs bu il Azərbaycanda yay mövsümündə quraqlıq olacaqmı və su problemi gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev “Report”a Kür çayında suyun səviyyəsi, Kürdə müşahidə edilən problemlərlə bağlı danışıb.

Bu il Kür çayında suyun səviyyəsində ötən illə müqayisədə artım var

O deyib ki, son zamanlar yağan yağışlar nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli daşqın olub: “Mayın 5-də Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Çaykənd məntəqəsində suyun səviyyəsi 54 sm, Zəyəmçay-Ağbaşlarda 6 sm, Gəncəçay-Zurnabadda 10 sm, Şəmkirçay-Qalakənddə 21 sm, Gorançay-Yuxarı Ağcakənddə 34 sm, Axıncaçay-Ağdamda 13 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində 2 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb”.

A.Verdiyev deyib ki, ötən il ölkə ərazisində qar ehtiyatı az olub, lakin bu il dağlıq ərazilərdə bu ehtiyatlar artıb: “Bununla əlaqədar, hazırda Kür çayının yuxarı axınında-Ağstafa rayonun ərazisində çayda sululuq ötən illə müqayisədə 22 % çoxdur.

O əlavə edib ki, son illər müşahidə edilən iqlim dəyişikliyi çaylarda sululuğun azalmasına səbəb olub: “Kür başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Buna görə də Kür çayından qonşu ölkələrdə istifadə edilməsi çaya təsirini göstərir: “ 2010-cu ildə Kürdə subasma olmuşdu və həmin il Kür çayının ən çox sululuq dövrü idi. Lakin son illər Kürün sululuğunda azalma müşahidə edilir. Yəni, ümumi tendensiya azalmalara doğru gedir”.

Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır

A.Verdiyev Kür çayında duzluluq məsələsinə toxunub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kürün Xəzər dənizinə yaxın olan hissələrində beş monitorinq mərkəzi fəaliyyət göstərir. Son monitorinqlərin nəticələrinə əsasən Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar hazırda çayda duzluluq nomadan azdır. Son 3 gün ərzində Surra məntəqəsində suyun səviyyəsi 5 sm, Şirvan məntəqəsində isə 14 sm artım müşahidə edilib. Ötən gün yağan yağışlar nəticəsində Kür çayına tökülən çaylarda sululuğun artması ilə əlaqədar yaxın günlər ərzində Kürün aşağı axınında sululuğun artımı proqnozlaşdırılır”.

Ölkədə su təminatının yaxşılaşdırılması nəzərdə tutulur

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Qulu Kərimov isə "Report"a bildirib ki, qlobal istiləşmə ilə əlaqədar olaraq dünyada orta illik temperaturun 1,5 dərəcə artması nəticəsində dünyada olduğu kimi Azərbaycanda da su qıtlığı yaşanıb: “Bizim su ehtiyatlarımızın 70 % -i Kür, Araz, Samur çayı vasitəsilə ölkə xaricində formalaşır, qalan 30 %-i isə ölkə ərazisində”.

Q.Kərimov bildirib ki, ötən il Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə sərəncam imzalayıb və ölkənin Baş nazirinin müavinin sədrliyi ilə komissiya yaradılıb: “Komissiyaya tapşırılıb ki, su ehtiyatlarının səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, bu sahədə aidiyyatı qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Tədbirlər Planı hazırlansın. Aidiyyatı qurumların iştirakı ilə qısa müddətdə bu sahədə tədbirlər görülüb və yenə görülməsi planlaşdırılır. Qısa müddətdə araşdırılma aparılaraq ölkədə prioritet hesab edilən sahələrdən 22 ədəd su təsərrüfatı obyektinin siyahısı hazırlanıb və ilk növbədə bunların təmir edilməsi nəzərdə tutulub.

Həmçinin, əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə iki istiqamətdə həm investisiya xərcləri hesabına, eyni zamanda, dövlət büdcəsindən ASC-yə ayrılmış istismar xərcləri hesabına işlər görülür. İnvestisiya xərcləri hesabına Şəmkirçay Təsərrüfatlararası Paylayıcı kanalların tikintisi nəzərdə tutulub . Həmçinin, Ağsuda, Qazaxda, Ağstafada, Yevlaxda əkin sahələrinin yaxşılaşdırılması, şəbəkələrin yenidən qurulması məqsədilə 15 min 180 hektar torpaq sahəsinin suvarılma suyu ilə təmin edilməsi və meliorativ vəziyyətin yaxşılaşdırılması üçün 141 km kollektor drenaj və 55 km suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulur. Eyni zamanda, 3 600 hektarın su təminatının yaxşılaşdırılması üçün ölkədə 200 ədəd subartezian quyuların qazılması nəzərdə tutulub. Bundan başqa, sel və daşqın təhlükəli çaylarda sahil bərkitmə işlərinin aparılması, növbəti illərdə investisiya proqramında 16 obyektin layihə sənədinin hazırlanması nəzərdə tutulur”.

O əlavə edib ki, cari ildə su anbarlarında yığılan suyun həcmi ötən illə müqayisədə 2 mlrd kubmetr çoxdur: “Ümid edirik ki, keçən ilə nisbətən bu il əkin sahələrinin suvarılması daha mütəşəkkil həyata keçiriləcək”.

Q.Kərimovun sözlərinə görə, bu il təqribən 1 milyon 400 min hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub: “514 min hektar sahədə dənli bitkilər əkilib, birinci suvarma başa çatdırılıb, ikinci suvarma da davam etdirilir. Bundan əlavə, yüz min hektar sahədə pambıq əkinin aparılması nəzərdə tutulub. Bu sahədə də əkindən əvvəl torpaqda nəmlik yaradılması məqsədilə arat suvarılması aparılır. Hal-hazırda təqribən 65 min hektar sahədə arat suvarılması aparılıb”.