IKT

06 May

Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin əkin bəyanları və torpaq məlumatları ilə bağlı monitorinqləri davam etdirir.

Agentlik tərəfindən monitorinqləri başa çatmış daha 44 038 torpaq sahəsi üzrə (parsel) 30 715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib. Son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7 mln 919 min 101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294 499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir. Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591 027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969 205 hektar təşkil edir.

“AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca, ödəmələri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Sənədlərin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar bizə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan verir”, - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal verib.

Onun sözlərinə görə, 2021-ci ildə həmçinin EKTİS-ə daxil edilmiş, torpaq sənədləri doğru olan, 1 hektardan az əkin sahələrinin monitorinqi peyk vasitəsilə yoxlanılıb və fermerlərə dərhal subsidiya ödənilib. Torpaq sənədlərində problemlər olan, icarə müqavilələrinin vaxtı başa çatan, əkdiyi bitkinin növü subsidiya məbləğinə əhəmiyyətli dərəcədə təsir edən və monitorinq üçün bitkinin cücərməsini gözləmək vacib olan fermerlərin sahələrində yerüstü monitorinqlər daha detallı aparılıb.

Hazırda 3000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3 183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5 107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib.

Ruslan Zeynal əlavə edib ki, bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır. Hazırda 1 503 nəfər fermer ümumilikdə 24 761 hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, ödənişlər fermer kartlarına 25 % nağdlaşdırıla bilən və 75 % nağdsız hissə şəklində ödənilir. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.