AQRO

31 Mart

Payızlıq taxıl əkinlərində kompleks mübarizə tədbirləri

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 66 min 390 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını arpa, 286 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Hazırda Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl əkinlərində kompleks mübarizə tədbirləri davam etdirilir.

Mərkəzin rəisi Tələt Mehdiyev bildirib ki, cari ildə büdcə vəsaiti hesabına 970 hektar taxıl sahəsində siçanabənzər gəmiricilərə, 80 hektarda məftil qurdlarına, həmçinin fermerlərin öz vəsaitləri hesabına 5 min hektardan çox sahədə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, payızlıq taxılın məhsuldarlığını artırmaq məqsədilə indiyədək 32 min hektardan çox sahəyə yemləmə gübrəsi verilib və hazırda bu iş davam etdirilir.

Qurum rəsmisinin sözlərinə görə, fevralın 3-cü ongünlüyündən etibarən son günlərədək havaların yağmurlu keçməsi dəmyə taxıl sahələrindən bol məhsul götürülməsinə zəmin yaradır.

Hazırda qurumun mütəxəssisləri tərəfindən taxıl sahələrində fitosanitar monitorinqlər aparılır, alaq otlarının növ tərkibi, sahənin taxıl böcəyi sürfələri ilə sirayətlənmə dərəcəsi müəyyən edilir. Eyni zamanda, ziyankar bağacıqların qışlama ocaqlarından taxıl sahələrinə miqrasiyası ilə əlaqədar onların sıxlığı hesablanır və sahələrdə müvafiq tədbirlərin görülməsi ilə bağlı fermerlərə məsləhətlər verilir. Kimyəvi mübarizədə torpağın pH düşürücülərindən, boy tənzimləyicilərindən, mikroelementlərlə zənginləşdirilmiş kökdən kənar yemləmə gübrələrindən (polifid, katit, misteralle və sair) istifadə olunur.

Mərkəzin mütəxəssisləri tərəfindən fermerlərə pestisidlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi, işçi məhlulun hazırlanması və reqlamentə uyğun pestisidlərin tətbiqi ilə bağlı təlimat və metodiki tövsiyələr verilir, mübarizə tədbirlərində vacib olan şərtlər ətraflı izah edilir.