AQRO

29 Mart

Bu il bu rayonda 13 min hektardan çox sahədə pambıq əkiləcək

Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə hazırlıq işləri görülür.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il Saatlıda 13 min 850 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün tədbirləri vaxtında həyata keçirirlər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 2 min 964 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, 13 min 644 hektar sahədə qış şumu aparılaraq, ondan 6 min 555 hektarı arata qoyulub, suvarma kanalları vaxtında lildən təmizlənib. Hazırda bəzi ərazi nümayəndəliklərində çiyid səpiləcək sahələrdə malalama işlərinə başlanılıb.

Qeyd edək ki, ötən il Saatlıda 14 min 141 hektar pambıq sahəsindən 47 min 365 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 33 sentner olub. Pambıqçılar cari ildə məhsul istehsalını 50–55 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.