AQRO

21 Dekabr

Neftçalada 34 min hektar sahədə payızlıq taxıl əkini aparılıb

Bakı 21 dekabr Fins.az

Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari ildə zəmilərdən 123 min 661 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 40 min 500 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 34 min 550 hektar sahəyə toxum səpiblər ki, bunun da 5 min hektarı buğda, 29 min 550 hektarı isə arpa sahəsidir.

Rayonun Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 110-120 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər. Artıq ilkin səpin aparılmış 15 min hektarda normal bitiş alınıb.

Qeyd edək ki, bu il Neftçalada 40 min 500 hektar sahədə payızlıq taxıl əkilməsi planlaşdırılıb.