AQRO

02 Dekabr

Bu rayonda pambıq sahələrinin hər hektarından 38 sentnerdən çox məhsul götürülür

Bakı, 02 dekabr Fins.az

Neftçalada pambıq yığımı başa çatmaq üzrədir. Artıq sahələrdə sonuncu yığım gedir və gün ərzində 3-3.5 ton məhsul toplanılaraq qəbul məntəqələrinə göndərilir. Pambıqçılar yığım başlayandan bu günədək plantasiyalardan 22 min 967 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 min 219 ton çoxdur. Hər hektarın məhsuldarlığı 38.5 sentnerə çatır. Mövsümün əvvəlindən bəri yığılan pambığın 19 min 664 tonu maşınların köməyi ilə toplanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən məhsul bol olub. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər. Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Bu ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və yığım aparılan sahələrin hər hektarından 40-45 sentner məhsul götürürlər.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 16 min 71 ton pambıq yığıblar.

© AZƏRTAC