AQRO

16 Noyabr

Bu rayonda sahələrdən hər gün 90-95 ton pambıq yığılır

Bakı, 16 noyabr Fins.az 

Salyanda pambıq yığımı davam edir. Fermerlər yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 19 min 612 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Hər gün sahələrdən 90-95 ton məhsul yığılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il salyanlı pambıqçılar 5 min 10 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən kömək nəticəsində cari təsərrüfat ilində bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görüldüyündən və işin gedişində fermerlərə güclü dəstək göstərildiyindən indiyədək sahələrdən 19 min 612,9 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 39,1 sentnerə çatır. Toplanmış pambığın 17 min 440,6 tonu maşınların köməyi ilə yığılıb.

Rayonda pambıq yığımında yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Şorsulu kənd sakini, fermer Alim Eyvazovdur. Fermer uzun illərdir pambıq əkini ilə məşğul olur. Ötən il becərdiyi 25 hektar sahənin hər hektarından 40 sentner məhsul götürüb.

“Cari ildə 30 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum bol olub. İndiyədək sahəni hər hektarından 45 sentner məhsul götürməklə 135 ton pambıq toplamışam. Hələ məhsul çoxdur. Yığımın sonuna kimi daha 10 tondan çox məhsul yığacağıma əminəm”, - deyə fermer bildirib.

©azertac