AQRO

21 Avqust

Aqrar sektorda yüksək məhsuldarlıq əldə edilir

Bu ilin ötən aylarında aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilib. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı reallaşdırılıb. Xüsusi karantin rejimi şəraitində bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. İlin ötən aylarında əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında elə bir ciddi problem qeydə alınmayıb.

Taxıl biçini mövsümündə ölkə üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılıb. Biçin zamanı ən mühüm amillərdən sayılan kombayn işlədilməsində çatış­mazlıq müşahidə edilməyib.

Yeri gəlmişkən, cari il ölkə rəhbərinin göstərişi ilə “Aqrolizinq”ə 28 milyon manat ayrılıb və 125 kombayn həmin qurum tərəfindən aqroservislər üçün alınıb. Bu kom­baynlardan 25 ədədini Azərbaycanda, ümumiyyətlə MDB məkanında ilk dəfə olaraq dağ kombaynları təşkil edib. Əvvəllər fermerlər məhsul itkisindən, o cümlədən təhlükəsizlik qaydalarına əməl etmək baxımından əziyyət çəkiblər. Dağ kombaynları fermerlərə məhsulu itkisiz, tam yığ­mağa imkan verib.

Bütün həyata keçirilən tədbirlərin nəticəsidir ki, sahələrdən bol məhsul toplanıb. Taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edi. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentner qeydə alınıb.

Havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksək olub. Bəzi rayonlar­da, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerə çatıb. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 65 min 471,7 hektar sahənin məhsulu biçilib, 198 min 718 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.

Rayonda builki mövsümdə fermerlərtərəfindən 41 min 319,5 hektar buğda sahəsindən 121 min 243 ton, 24 min 152,2 hektar arpa sahəsindən isə 77 min 475 ton məhsul əldə olunub. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 29,3 sentner, arpa zəmilərinin isə 32,1 sentner təşkil edib. Rayon üzrə ən yüksək məhsuldarlıq Çeşməli, Öryət, Orta Zəyzid, Aydınbulaq kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, həmin təsərrüfatlarda buğda zəmilərində orta məhsuldarlıq 34 sentner təşkil edib.

Cari ilin ötən aylarında bitkiçi­lik məhsulları istehsalında da artım dinamikası davam edib. İlin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib.

Ölkə təsərrüfatlarında cari ildə 100 min hektardan çox sahədə pam­bıq əkini həyata keçirilib, pambıq sahələrində 100 faiz bitiş alınıb. Pambıq əkinlərinin gübrə, dərman preparatları və texnika təminatı ilə bağlı tədbirlər reallaşdırılıb. Burada da məhsuldarlığa təsir edə biləcək əsas risklərdən biri quraqlıqla bağlı olub. Ona görə də suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib. Bununla əlaqədar İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın pambıq tarlalarında suvarma işləri daha da yaxşılaşıb. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması reallaşıb.

Qeyd edildiyi kimi, bu il məhsuldarlığa təsir edə biləcək ən bö­yük risk quraqlıq və su çatışmazlığı­dır. Bu konteksdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılması diqqətdə saxlanılıb, 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub.

Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çu­ğunduru, bostan, tərəvəz əkinləri üzrə aqrotexniki tədbirlər uğurla gerçəkləşdirilib.

Bu ilin yanvar ayından başla­yaraq, fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilib. İlin ilk yarısında 506 mindən çox fermer qeydiyyatdan ke­çib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Bu dövrdə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənən 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb. Yeri gəlmişkən, seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülüb. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin altı ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texni­kasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilib. Həmçinin bu dövrdə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib.

Bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiya­laşdırılması üzrə Kənd Təsərrüfatı Nazirliyinə fermerlər tərəfindən çoxsaylı müraciətlər daxil olub. Bu müraciətlərin icrası istiqamətində önəmli tədbirlər reallaşdırılıb. Ölkə rəhbərinin aprel ayında imzaladığı sərəncama əsasən fermerlərin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel başlayaraq qısa müddət ərzində 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon ma­nat mikrokredit verilib.

Hazırkı günlər aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın döv­rüdür. Dövlətin fermerlərə göstərdiyi qayğı və davamlı dəstək onların daha da yüksək nəticələr əldə etməsini şərtləndirir. Bu sahəyə ayrılan daimi diqqət fermerlərin məsuliyyətini də artırır.

Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulan vəzifələr bu il də layiqincə yerinə yetiriləcək və xüsusilə pandemiya və quraqlıq şəraitində kənd təsərrüfatının bütün istiqamətlərində yüksək məhsuldarlıq qeydə alınacaq.