Şəki rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Tütün istehsalçıları mövsümün əvvəlindən indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə 2 min tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il rayonda 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Ümumiyyətlə mövsümün əvvəlindən bu günədək rayonda 1750 ton quru tütün istehsal olunub. Məhsulun 1550 tonu tütün istehsalçıları tərəfindən ipə düzülərək, 200 tonu isə emal məntəqələrində qurudulub. Hazırda rayonun tütün istehsalı və emalı məntəqələrində 172 ədəd tütünqurutma kamerası var.