AQRO

22 May

İsmayıllıda tütün şitillərinin əkini davam edir

İsmayıllı rayonunda istixanada yetişdirilən tütün şitillərinin açıq sahələrə köçürülməsi davam edir.

Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorundan Fins.az bildirilib ki, cari mövsümdə tütün şitillərinin əkini 10 kənddə aparılır. Diyallı, Qurbanəfəndi, Talıstan, Qalacıq, Təzəkənd, Sumağallı və digər yaşayış məntəqələrində bu kampaniyanın mütəşəkkil, yüksək aqrotexniki tələblər səviyyəsində keçirilməsi üçün ciddi səy göstərilir.

Şitillər rayona paylanan 500 qrama yaxın yerli növ toxumdan əldə edilib. Hər hektara 15 qram toxumdan əldə olunan 50 minə yaxın şitil əkilərsə, 2 tondan çox məhsul götürmək mümkündür.

Qeyd edək ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” İsmayıllı rayonunda da təsərrüfatın bu gəlirli sahəsinin inkişafına təkan verib. Təkcə ötən il 30 hektar sahədən 60 ton tütün istehsal olunub. Tütünçülər cari ildə istehsalı 65 tona çatdırmaq əzmindədirlər.