AQRO

22 May

Qax taxılçıları mövsümə ciddi hazırlaşırlar

Builki mövsümdə Qax rayonunda 13 min 26 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 10 min 270 hektarını buğda, 2 min 756 hektarını dən üçün arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülür. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunur, kombayn və digər texnikalar saz vəziyyətə gətirilir.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari mövsümdə biçin kampaniyasına 31 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 18 ədədi son illərdə alınan təzə, 13-ü isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır.

Taxıl səpinindən sonra havaların uzun müddət yağmursuz, quraq keçməsi ilə əlaqədar payızlıq taxıl sahələrində, xüsusilə dəmyə sahələrdə bitiş gec alınsa da, sonradan havaların yağmurlu keçməsi səbəbindən taxıl əkinlərində bitkilərin inkişafı sürətlənib. Vaxtında aparılmış aqrotexniki tədbirlər, xüsusilə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə işinin vaxtında təşkili, xəstəlik və zərərvericilərə qarşı mübarizənin düzgün qurulması, yarpaq gübrələrinin tətbiqi, taxıl toxumlarının geniş spektirli dərmanlarla dərmanlanması nəticəsində sahələrdən bol məhsul gözlənilir.

Rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Hikmət Hafizovun verdiyi məlumata görə, cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində ötən müddətdə 4 min hektaradək sahədə siçanabənzər gəmiricilərə qarşı dövlət tərəfindən verilmiş sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yem tətbiq olunmaqla kimyəvi mübarizə aparılıb. Bundan əlavə, 1283 hektar sahədə taxılın ən qorxulu zərərvericilərindən olan taxıl böcəyinə, 507 hektarda pas xəstəliyinə, 8 min hektar sahədə isə müxtəlif növ alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.