AQRO

22 May

Kürdəmirli pambıqçı: Məhsuldarlığı 30 sentnerə çatdırmağı planlaşdırırıq

Pambıqçılıq Kürdəmir rayonunun Göhranlı kənd sakini Mübariz Hacıyevin ailə fermer təsərrüfatının əsas fəaliyyət sahəsidir. Cari ilin məhsulu üçün təsərrüfatda 19 hektarda əkin aparılıb və sahələrdə normal çıxış alınıb.

Ailənin 6 nəfər üzvü var. Əldə olunan gəlir onları təmin edir. Təsadüfi deyil ki, əkin sahələri ildən-ilə genişləndirilir. Aqrar sektorun, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafına, sahibkarlara göstərilən dövlət dəstəyi ailəyə bu sahədə böyük dəstək verir.

Mübariz Qurbanov deyib: “Keçən il 12 hektarda əkin aparmışdıq. Hər hektardan 24,5 sentner pambıq götürdük. Bu il sahələri 7 hektar artırdıq. Məhsuldarlığı 30 sentnerə çatdırmağı nəzərdə tutmuşuq. Bunun üçün real imkanlar var. Necə deyərlər, pambıq yetişdirməyin “dilini” yaxşı bilirik. Aqrotexniki tədbirlər zamanı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri də bizə lazımi məsləhətlərini verirlər”.

Ailə fermer təsərrüfatı genişləndikcə əlavə işçi qüvvəsinə də ehtiyac yaranır. Ötən il becərmə və məhsul yığımına 10 nəfərədək işçi cəlb olunubsa, bu il azı 15 nəfərə ehtiyac yaranacaq.