Son günlər qərb bölgəsinə yağan yağışlar bəzi fəsadlar yaratsa da, fermerlərin ürəyincə oldu. Çünki bölgəyə yaydan bəri yağıntı düşmürdü və quraqlıq hökm sürürdü. Elə buna görə də fermerlər payızda əkdikləri dənlik bitkilərin məhsuldarlığının aşağı olacağından narahat idi.
Fins.az xəbər verir ki, tovuzlu fermerlər hava şəraitinin quraq keçməsinə baxmayaraq, səpin işləri aparmış və sahədə bütün lazımi aqrotexniki qulluq işlərini həyata keçirmişdilər. Qalırdı suvarma məsələsi... Əsas narahatçılıq da taxılçılıq sahəsində idi. Buna görə də son günlər yağan yağışlar fermerlərin sevincinə səbəb oldu. Mayın əvvəlindən yağan və bir neçə gün davam edən yağıntı əkin sahələrindəki suya olan hazırkı tələbatı təmin etmiş oldu.
Qırx ildən çoxdur ki, təsərrüfatda çalışan 65 yaşlı tovuzlu fermer Fərhad Məmmədov bu il 15 hektar sahədə taxıl əkib. Yeddi hektardan çox kartof becərib. O, uzun müddətdir rayonda kənd təsərrüfatı ilə fəal məşğul olan fermer kimi tanınır. Elə buna görə də 2018-ci ildə dövlət başçısı tərəfindən “Əmək ordeni” ilə təltif olunub.
Taxılçılıq və kartofçuluq sahəsində kifayət qədər təcrübəsi olan fermer illərdir ki, hər iki bitkiçilik sahəsindən bol məhsul götürə bilir. “Su sarıdan çətinliyimiz vardı. Köməyimizə yağış çatdı. Bu yağıntılar həm taxıl, həm kartof, həm də yonca üçün xeyirlidir. Demək olar, bütün bitkilərin inkişafına müsbət təsir edir. Bu il taxıldan bir hektar üçün 45-50 sentner məhsul gözləyirik. İnşallah məhsuldarlıq yaxşı olacaq”, – deyə fermer bildirib.
Fərhad Məmmədov onu da əlavə edib ki, bundan sonra yağıntılar çox düşərsə, taxılın mayalanmasına mənfi təsir göstərə bilər.
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mais Mustafayevin sözlərinə görə, rayonda bu il üçün 17 min 381 hektar sahədə taxıl əkilib. Bunun da 12 min 753 hektarı buğda, 4 min 528 hektarı arpadır. Ötən il təsərrüfat sahibləri buğda sahələrindən bir hektardan 33 sentner, arpadan isə 27,3 sentner məhsul əldə ediblər.