AQRO

30 Aprel

Naxçıvanda kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə ayrılan kreditlər 82,4 faiz artıb

Bu ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 3 milyon 592 min 400 manat kredit verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, bu da bir il öncəki göstəricidən 82,4 faiz çoxdur.

Qeyd edək ki, muxtar respublikada aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlib. Hazırda torpaq mülkiyyətçiləri və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər. Muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq olunur. Taxıl, kartof, qarğıdalı bitkilərinin əkilib-becərilməsi və yığılması tam mexaniki üsulla həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 min 831 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Bu il isə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 137 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib, həmin texnikalardan 24-ü lizinq yolu ilə sahibkarlara verilib.