AQRO

29 Aprel

Kolorado kartof böcəyinə qarşı mübarizə tədbirləri

Kolorado kartof böcəyi təhlükəli zərərvericidir və MDB-nin kartof yetişdirilən əksər bölgələrində yayılıb. Azərbaycanda kolorado kartof böcəyinə 1970-ci ilin əvvəllərində ilk dəfə olaraq Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir sıra təsərrüfatlarında təsadüf edilmiş və qısa müddətdə sürətlə artaraq başqa rayonlara da yayılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının apardıqları müşahidələrin nəticələrinə görə kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında daha geniş yayılıb. Zərərvericiyə kartof becərilən digər rayonlarda da təsadüf olunmaqla əkinlərə ciddi ziyan vurur.

Kolorado kartof böcəyinin bədəni şarvari-oval formada olmaqla, uzunluğu 9-11 mm arasında dəyişir, üst tərəfi qırmızımtıl-sarı rəngdədir. Alt tərəfində üçbucağa oxşar ləkə vardır. Böcəyin başı aşağı əyildiyindən üst tərəfdən aydın görünmür. Bığcıqları 12 buğumdan ibarətdir. Onlardan birinci beş buğum açıq rəngdə, qalanları qaradır. Qabaq döşün üzərində 11 ədəd qara ləkə vardır. Ortadakı ləkə böyük olub V hərfinə bənzəyir. Qabaq qanadları üzərində (hər qanadda 5 ədəd) uzununa gedən qara zolaq vardır. Pupdan yenicə çıxmış böcəklərin alt qanadları əvvəlcə açıq, sonradan isə açıq-çəhrayı rəng alır.

Yumurtaları parlaq olub, səthi hamardır. Qırmızımtıl-sarı, yaxud narıncı rəngdədir. Oval formada olub, 0,8-1 mm uzunluqdadır. Sürfələr alt tərəfdən yastı, üst tərəfdən qabarıq olub, ortası yoğun, yağlı kimidir. Bədənləri əvvəlcə tünd qırmızı, böyüdükcə narıncıqırmızı rəngdə olub, üzərində uzununa iki cərgə ilə düzülmüş qara nöqtələr vardır. Dörd yaş dövrü keçirir, uzunluğu 15-16 mm-dir.

Puplar açıq-çəhrayı, yaxud narıncı rəngdədir. Yan tərəfində cərgə ilə düzülmüş qara nöqtələr və sonunda mahmız vardır, uzunluğu 10-12 mm-dir.

Böcəklər yumurtalarını bitki yarpaqlarının alt tərəfinə koma halında və hər komada 15-60 ədəd olmaqla bir-birinin yanında qoyur. Hər bir dişi fərd 400-600, bəziləri isə 3000-ə qədər yumurta qoya bilir. Bitkilərin ilk böyümə dövründə (yazda) böcəklər yumurtalarını torpağa yaxın olan iri yarpaqların alt səthində, yayda isə kolların orta yarusunda əmələ gələn yarpaqların alt səthinə qoyurlar. Yumurta qoyarkən dişi fərdlər özlərindən havada tez quruyan yapışqanlı maye buraxıb, onun köməyi ilə yumurtalarını yarpaqlara yapışdırırlar ki, bu da külək və yağışın təsirindən yarpaqlardakı yumurtaların tökülməsinin və tələf olmasının qarşısını alır. Hava şəraitindən asılı olaraq, yumurtanın inkişafı 5-15 gündə başa çatır və onlardan sürfələr çıxır. Sürfə inkişafını 16-34 gündə qurtarır, bu müddətdə üç dəfə qabıq dəyişməklə, 4 yaş keçirir. Birinci yaşda sürfənin uzunluğu 5,3 mm-ə, üçüncü yaşda 8,5 mm-ə və dördüncü yaşda 15 mm-ə çatır. İlk dövrdə sürfə içərisindən çıxdığı yumurtanın qabığını yeyir. Nadir hallarda onlar içərisindən sürfə çıxmayan sağlam yumurtaları da yeyirlər. Bu proses hannibalizm adlanır.

Sürfələrin bitkilərlə ilk qidalanması yarpaqların alt tərəfindən, yəni yumurtadan çıxdığı yerdə başlayır. Onlar yarpağı gəmirib kiçik deşiklər açırlar. Çox keçmədən sürfələr qidalandığı bitkini sirayətləndirirlər. Hər bitkidə 30-40 sürfə və böcək olduqda, yarpaqların yarısından çox hissəsi və bəzən tamamilə yeyilmiş olur. Bitkilər üzərində yarpaq çatışmadıqda axırıncı yaşda olan sürfələr və yetkin fərdlər kolların gövdələrini də gəmirirlər. Qida çatışmadıqda zərərverici yaxındakı bitkilərə keçib, onlarla qidalanır. Şiddətli qidalanma məhsulun 40-50 faiz azalmasına səbəb olur. Yağışlı və küləkli hava şəraitində zərərverici yarpaqların alt tərəfinə toplaşır. Əlverişli şərait olduqda onlar bitkiləri yenidən zədələyirlər.

Yay mövsümündə inkişafı başa çatmış sürfələr torpağın 5-15 sm dərinliyində pup mərhələsinə keçir. Pupun inkişafı 10-24 gün davam edir və ondan yeni nəslin böcəkləri çıxır.

Hesablamalar göstərir ki, iqlim şəraitindən asılı olaraq kolorado kartof böcəyinin bir nəsli inkişafını 30-70 gündə qurtarır. Bunun üçün 3600 faydalı (effektli) temperatur tələb olunur. Yumurtanın inkişafı üçün 500, sürfənin inkişafı üçün 1450, pupun inkişafı üçün isə 1000 effektiv temperatur lazımdır. Böcəklərin torpaqdan çıxıb yumurta qoyma dövründə 30-350 faydalı temperatur tələb olunur.

Respublikanın Gəncə-Qazax bölgəsində zərərverici ildə 3-4 nəsil verir. Gədəbəy rayonunda adətən kolorado kartof böcəyi 2 nəsil verir ki, bu, əsasən orada havanın nisbətən sərin olmasından asılıdır.

Yayın və payızın isti vaxtlarında böcəklər havaya qalxaraq 30 km məsafəyə yayıla bilir. Güclü küləklər onların daha uzaq məsafələrə yayılmasına zəmin yaradır. Qeyd etmək lazımdır ki, düzənlik yerlərdə və çöllərdə zərərverici daha sürətlə ətrafa yayıla bilir. Meşələrdə və hündür ağaclar bitən yerlərdə zərərvericinin yayılması xeyli məhdudlaşır.

Kolorado kartof böcəyi quş üzümü fəsiləsinə mənsub olan kartof, tütün, pomidor, bibər, badımcan və digər mədəni bitkilərlə qidalanmaqla bərabər, eyni zamanda bənənotu, xamotu, dəlibəng, quşüzümü və sair yabanı bitkilərlə də qidalanır. Zərərverici günün bütün vaxtlarında, dişi fərdlər isə gecə vaxtlarında daha çox qidalanır. Zərərverici bitkilərin qönçələmə, çiçəkləmə vaxtlarında daha çox ziyan vurur.

İqlim və torpaq şəraitindən asılı olaraq, zərərvericinin axırıncı nəsil böcəkləri torpağın 18-70 sm dərinliyində qışlayırlar. Yazda temperatur 14-15 dərəcəyə çatdıqda torpaq üzərinə çıxırlar. Respublikamızda bu hal təqribən aprel ayının ortaları, may ayının əvvəllərində müşahidə olunur. Ayrı-ayrı fərdlərin torpağı tərk etməsi may ayının sonlarına qədər davam edir. Yağışlı və sərin vaxtlarda böcəklərin qış yuxusundan ayılması və torpaq üzərinə çıxması nisbətən uzanır. Torpaq üzərinə çıxan böcəklər çoxlu su qəbul etdikdən sonra ətrafdakı bitkilərə keçərək onlarla qidalanır. Böcəklər bir aya qədər qidalanmadan yaşaya bilərlər.

Təbiətdə kolorado kartof böcəyinin artıb çoxalmasının qarşısını bir sıra faydalı həşəratlar, gənələr, hörümçəklər və s. canlılar alır. Yırtıcı karabid böcəklərindən gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. sahələrdə zərərvericinin yumurta, sürfə, pup və hətta yenicə əmələ gəlmiş böcəkləri ilə qidalanır.

Mübarizə tədbirləri:

Kolorado kartof böcəyinin yayılmasının qarşısını almaq və onu məhv etmək məqsədilə mübarizə tədbirləri sistemi həyata keçirilməlidir:

Zərərvericiyə yoluxan zonalardan əkin və ərzaq məqsədilə kartof yumrularının daşınması qadağandır;

-daxili karantin sertifikatı olmadan karantin qoyulmuş zonadan kolorado kartof böcəyindən azad zonaya kartofun ərzaq məhsulu kimi gətirilməsi, bazarlarda və digər iaşə obyektlərində satışı qadağan olunmalıdır. Respublikamızda kartofun bir rayondan digərinə göndərilməsi daxili karantin fitosanitar sertifikatı əsasında həyata keçirilməlidir;

-məhsul yığıldıqdan sonra sahədə kultivasiya aparılaraq, torpağın üst qatına düşən yumrular toplanmalıdır. Bu tədbir sahələrdə lazımsız kartof kollarının əmələ gəlməsinin qarşısını almaqla böcəklərin yem ehtiyatını azaldır;

-kartof kollarının zərərvericiyə qarşı davamlılığını artırmaq məqsədilə sahələr vaxtında gübrələnməli, yumşaldılmalı və bitkilərin dibi yaxşı doldurulmalıdır. Dibdoldurma, eyni zamanda, zərərvericinin aşağı yaruslarda qoyduğu yumurtalarının, torpaqdakı puplarının və əlverişsiz şərait nəticəsində gizlənən böcəklərinin məhvinə səbəb olur;

- məhsul yığımından 7-10 gün əvvəl kartof kolları biçilib sahədən çıxarılmalıdır. Bu tədbir qışlamaya hazırlaşan böcəklərin qidadan məhrum olmasına və müəyyən hissəsinin məhv olmasına şərait yaradır;

- zərərvericinin torpaqda qışlayan yetkin böcəklərini məhv etmək məqsədilə quşüzümü fəsiləsinə mənsub olan bitkilər altından çıxan sahələrdə payız-qış dövründə dərin şum aparılmalıdır;

-zərərvericinin fərdi təsərrüfatlarda azalmasında bitkilər üzərində görünən yumurtaların əl ilə əzilməsi, sürfə və böcəklərin isə toplanıb içərisində ağ neft və ya formalin olan qablara tökülməsi böyük əhəmiyyət kəsb edir. Bu mexaniki tədbir quşüzümü fəsiləsinə mənsub olan alaq otları (xamotu, bənəkotu, dəlibəng, quşüzümü və s.) üzərində də aparılmalıdır;

-kimyəvi mübarizədə istifadə olunan preparatların əksəriyyəti günün qızmar vaxtlarında yaxşı nəticə verir, çünki zərərvericinin istər sürfələri, istərsə də yetkin fərdləri həmin vaxt bitkilərin orta və yuxarı yaruslarına daha çox toplaşır və intensiv qidalanır.

Zərərvericiyə qarşı aşağıdakı pestisidlərin birindən istifadə olunması məsləhət görülür:

biopestisidlər: Aversektin–C (titoverm), Bacillus lhuringiensis (Bitoocsibasillin),

kimyəvi preparatlardan: Fhiametoksam, Asetomiprid, İmidakloprid, Fipronil və s.

Mübarizənin bir və iki yaşlı sürfələrə qarşı aparılması daha səmərəlidir.