AQRO

28 Aprel

Azərbaycanda yeni buğda sortlarının yaradılması istiqamətində elmi tədqiqat işləri aparılır

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Agro Dairy” şirkəti arasında onlayn qaydada əməkdaşlıq görüşü keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, institutun direktoru Faiq Xudayev, direktor müavinləri Atif Zamanov, Şikar Əhmədov, Nizami Hümmətov və “Agro Dairy” şirkətinin kommersiya işləri üzrə müşaviri, satış departamentinin rəhbəri Əsəd Qurbanzadə arasında keçirilmiş onlayn müzakirədə mümkün əməkdaşlıq imkanları araşdırılıb.

Faiq Xudayev institutun fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, çörək və makaron sənayesinin tələblərinə uyğun yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işləri davam edir. Qarşılıqlı müzakirədə ölkədə bərk buğda sortlarının əkin dövriyyəsinin artırılması, bu istiqamətdə birgə işlərin təşkili məsələləri müzakirə olunub. Fermerlərin bərk buğda istehsalına marağının artırılması istiqamətində genişmiqyaslı tədbirlər görülməsi, Əkinçilik ETİ-nin yaratdığı sortlar haqqında fermerlərə dolğun məlumatların çatdırılmasının təmin olunması barədə razılığa gəlinib. Bunun üçün birgə nümayiş əkin sahələrinin yaradılması ilə bağlı razılıq da əldə olunub.

Ə.Qurbanzadə şirkətin fəaliyyət istiqamətləri haqda geniş məlumat verərək, elmi-tədqiqatyönümlü əməkdaşlıqda maraqlı olduqlarını bildirib.