AQRO

27 Aprel

Saatlıda ilk dəfə soya bitkisi əkilib

Saatlı rayonunda ilk dəfə soya bitkisi əkilib. On dörd hektar ərazidən dörd aydan sonra məhsul götürüləcək.

Fins.az xəbər verir ki, rayonda xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, yaz-tarla işləri davam edir. Saatlılı fermerlər hər gün sahələrə çıxır və əkin işləri ilə məşğuldurlar.

Rayonda ilk dəfə əkilən soya sahəsində torpaq öncədən şumlanıb, sonra isə suvarılıb. Torpağın yumşaldılması üçün mala işləri də yerinə yetirilib.

Fermer Niyaz Müzəffərov bildirib ki, dövlət tərəfindən əkin sahəsinə verilən subsidiya onda bu sahəyə maraq yaradıb. Onun sözlərinə görə, əkin zamanı amofos gübrəsindən istifadə edir. Toxumarası məsafə 5-8 santimetr, cərgəarası məsafə isə 75 santimetr olur. Hər hektara 50-60 kiloqram toxum səpilir. Bitiş aldıqdan sonra 3 dəfə suvarılmalıdır. Həmçinin sahədə kultivasiya işləri də vacib şərtdir. İlk kultivasiya zamanı azot gübrəsi verilir, sonra suvarma yerinə yetirilir və ikinci kultivasiya zamanı ehtiyac olarsa, əlavə azot gübrəsi səpilir. Soya 135 gün müddətinə tam yetişir.

Əkin zamanı aran bölgəsinin iqliminə uyğun olaraq Türkiyədən gətirilən toxum növündən istifadə edilir.

Soyadan əsasən heyvandarlıqda yem məhsulunun hazırlanması üçün istifadə olunur. Bununla yanaşı, insanlar üçün də faydası var. Bu bitki qan dövranına müsbət təsir göstərir.

Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Vəkil Baxışəliyev qeyd edib ki, soya bitkisinin tərkibində yağlılıq və protein çoxdur. Yüksək rentabelli, qiymətli bitkidir və böyük iqtisadi əhəmiyyəti var. Xüsusilə heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Eləcə də ərzaq sənayesində də soya yağına böyük tələbat var. Hər hektara 25-30 sentner dənlik məhsul götürmək mümkündür. Bundan başqa, yem məhsulu üçün yararlı 250-300 sentner yaşıl kütlə də əldə etmək olur.