AQRO

25 Aprel

Bərdədə ilk dəfə ölkəmizdə istehsal olunan tüksüz pambıq toxumu səpilib

Bərdə rayonu ərazisində ilk dəfə olaraq ölkəmizdə istehsal olunan tüksüz pambıq toxumu səpilib. Təcrübə məqsədilə səpilən toxumlardan ilk çıxış da alınıb.

Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) sədri İbrahim Məmmədov Fins.az-a bildirib ki, indiyə kimi tüksüz toxumlar xarici ölkələrdən alınırdı. Ölkəmizdə ilk dəfə olaraq Ucar rayonundakı zavodda emal olunan tüksüz çiyidin qiyməti xaricdən alınan toxumlardan xeyli ucuzdur. Belə ki, fermerlər xaricdən gələn tüksüz çiyidin bir kiloqramını 5,2-5,5 manata alırlar. Yerli istehsal olan toxumun qiyməti isə 2 manatdır. Gələcəkdə qiyməti 1-1,5 manat olacaq.

İ.Məmmədov bildirib ki, Bərdədə hazırda 300 hektar sahədə bu toxum səpilib. Səpilən toxumlardan 8-9 gün ərzində çıxış alınıb. "P-Aqro" MMC tərəfindən 110 hektar ərazidə toxumçuluq sahəsi də yaradılıb. Bu toxumçuluq effektini versə yeni sahələr yaradılacaq və toxumu xarici ölkələrdən gətirməyə ehtiyac olmayacaq.

"Ölkəmizdə tüksüz toxumun istehsal edilməsi ilə pambığın maya dəyəri aşağı düşəcək, səpin rahat həyata keçiriləcək. Tüklü toxum hər hektara 55-60 kiloqram səpilirsə, tüksüzləşdirilmiş toxum hektara 20-22 kiloqram səpilir. Aqrotexniki qaydalara düzgün əməl olunarsa, zərərvericilərə qarşı vaxtı-vaxtında mübarizə aparılsa hər hektardan 45-50 sentner məhsul götürmək olacaq", - deyə APİA-nın sədri qeyd edib.

"P-Aqro MMC"-nin mütəxəssisi Habil Əliyev tüksüz çiyidin səpilməsinin fermerlər üçün daha əlverişli olduğunu deyib: "Tüklü çiyidlərin tez şişməsi və cücərti alınması üçün əkindən qabaq islağa qoymaq, əkiləndən sonra isə suvarmaq lazımdır. Tüksüz çiyiddə isə buna ehtiyac yoxdur. Birbaşa səpilir, tez bir müddətdə - tüklü çiyiddən bir həftə tez çıxış alınır. Tüksüz çiyiddə tüklü çiyiddən fərqli olaraq bitiş alındıqdan sonra seyrəltmə işləri də aparılmır. Tüksüz çiyidin qiyməti və hər hektara toxumun əkin norması da tüklü çiyiddən iki dəfədən də azdır. Bütün bunlar fermerlər üçün həm pambığın maya dəyərinin aşağı düşməsi, həm də işlərinin asanlaşdırılması baxımından sərfəlidir".

Bu il ilk dəfə olaraq ölkəmizdə istehsal edilən tüksüz çiyid nümayiş üçün əkilib. Vegetasiya dövründə pambıqçılıqla məşğul olan fermerlər sahələrə cəlb ediləcək və onlara gələcəkdə bu toxumlardan istifadə etmək tövsiyə olunacaq. Tüksüz toxumun ölkəmizdə istehsal olunması həm də xaricdən asılılığı aradan qaldıracaq.