AQRO

23 Aprel

Bu il Şəkidə yaş barama istehsalının 69,6 tona çatdırılması proqnozlaşdırılır

Bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 21 tondan çox artırılaraq 69,6 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə bölgü əsasında 1740 qutu ipəkqurdu toxumunun paylanılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulan hibrid ipəkqurdu sənaye toxumları mayın əvvəlində kümçülərə paylanılacaq.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, kümçülər yeni mövsümə ciddi hazırlaşırlar. Hazırda rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən kümxanalarda dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, son illər şimal-qərb bölgəsinin digər rayonları kimi, Şəkidə də baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş görülür. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.

Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son illər Şəki rayonunun ərazisində 446 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 202 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.