AQRO

15 Aprel

Hazırda sahələrdə yazlıq əkin işləri ilə məşğul olan fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələ

Hazırda sahələrdə yazlıq əkin işləri ilə məşğul olan fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışırlar. Neftçalalı fermerlər də ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, yaz-tarla işləri ilə məşğuldurlar.

Fins.az xəbər verir ki, rayonun Yuxarı Qaramanlı kənd sakini, fermer Rafael Hüseynov da onlardan biridir. O, 30 ilə yaxındır kənd təsərrüfatı ilə məşğuldur. 118 hektar torpaq sahəsi var. Bunun 65 hektarı pambıq, 15 hektarı buğda, 10 hektarı arpa, 25 hektarı isə yonca sahəsidir.

Ötən il fermer 40 hektar pambıq sahəsindən 230 ton, 8 hektar buğda sahəsindən 35 sentner məhsul götürə bilib. Bu il isə pambıq sahəsində apardığı aqrotexniki qulluq artıq yekunlaşıb. Sahə yaz-tarla işlərinə tam hazırdır. Fermer qeyd edir ki, bu işlərdə ona dövlət dəstəyi daha çox kömək olur: “Taxılçılığın yemləməsini bitirmişik. İndi pambıq əkininə hazırlaşırıq. Sahələrimiz arat olunub. İnşallah aprelin 20-nə əkinə başlayacağıq. Gübrəmizi, çiyid və toxumumuzu almışıq, hazır vəziyyətdədir. 65 hektarda pambıq əkmək fikrimiz var, MKT şirkəti ilə müqavilə də bağlamışıq. Ümid edirəm ki, bu il də 35 sentner pambıq təhvil verəcəyik”.

Neftçalanın Boyat kənd sakini Mürsəl Qafarov da ömrünün 30 ildən çoxunu torpağa həsr edib. Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda o, yenə iş başında, təsərrüfatındadır. Fermerin, ümumilikdə, 80 hektar sahəsi mövcuddur. Təsərrüfatında pambıq, arpa, buğda və yonca əkir. Ötən il fermer 28 hektar pambıq sahəsindən 117 ton məhsul götürüb. Dövlətin dəstəyindən, verdiyi subsidiyalardan yararlanan fermer bu il pambıq sahəsini genişləndirib: “Bu il Allahın köməyi ilə 53 hektar sahədə pambıq əkəcəyəm. Bütün aqrotexniki qaydalara əməl olunub. İki dəfə şum aparmışıq, mala çəkmişik, arata qoymuşuq. İki-üç günə də səpinə başlayacağıq. Heç bir problemimiz yoxdur. MKT tərəfindən də hər cür dəstək verilir. Heç bir çətinliyimiz yoxdur”.

Ötən il Neftçalada 5087 hektar sahədə pambıq əkini aparılıb, 16 min 71 ton məhsul təhvil verilib. Bu il isə rayon ərazisində 5988 hektarda çiyid səpiləcək. Pandemiyanın vüsət aldığı belə bir dönəmdə, xüsusilə karantin rejiminin olmasına baxmayaraq, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri də müntəzəm olaraq sahələrə çıxır, fermerlərə tövsiyələrini verirlər.

Mərkəzin bitkiçilik sektorunun müdiri Elman Məmmədov bildirib ki, ötən il rayon üzrə pambıq sahələrindən orta hesabla 31,6 sentner məhsul yığılmışdısa, builki hədəf 32-35 sentnerdir: “Bunun üçün mütəxəssislərimiz yerlərdə fermerlərlə mütəmadi görüşür, düzgün aqrotexniki qulluq qaydalarını izah edirlər.

Neftçalada pambıq səpini aparılacaq sahələrin suvarılmasında da heç bir problem yaşanmayacaq. Belə ki, Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən 2020-ci ilin 1-ci rübündə 127 kilometr plana qarşı 144,8 kilometr su kanalı artıq lildən təmizlənib. Bu işlər hazırda da davam etdirilir. Bu kanalların təmizlənməsinə 3 buldozer, 12 ekskavator cəlb olunub.