AQRO

15 Aprel

İsmayıllıdan olan fermer heyvandarlıq məhsulları üçün qablaşdırma müəssisəsi tikəcək

Fermer Müşfiq Həsənov İsmayıllı rayonunun Qubaxəlilli kəndində həm əkinçilik, həm də heyvandarlıqla məşğul olur. Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, fermerlər üçün yaradılan əlverişlı şərait ona son illər yüksək uğurlar qazandırıb. Təsərrüfatında 5 ailə çalışır. Fermerin uğurları, gördüyü işlər diqqətdən kənarda qalmayıb. Dövlət başçısının Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Fins.az xəbər verir ki, 400 hektara yaxın torpaq sahəsi olan fermer buğda, arpa və noxud əkib-becərir. Fəaliyyətinin əsasını taxıl toxumçuluğu təşkil edir. Yüksək reproduksiyalı məhsuldar taxıl əkir və hər hektardan orta hesabla 40 sentner məhsul götürməklə, ildə 1600 ton taxıl istehsal edir. Təkcə 2019-cu ildə fermerlərə 205 ton yüksək reproduksiyalı toxum satıb. Bunun əvəzində isə dövlətdən 18 min manat subsidiya alıb.

Fermer M.Həsənov heyvandarlıq təsərrüfatında isə 200 başdan çox iribuynuzlu mal-qara, 400 başa yaxın qoyun-keçi bəsləyir. İstehsal olunan ət və süd məhsulları daxili bazara çıxarılır. Fermer gələcəkdə məhsulların qablaşdırılmasını, bunun üçün kiçik müəssisənin tikintisini də nəzərdə tutub. “Müasir avadanlıqlarla təchiz olunan qablaşdırma müəssisəsi bizə fəaliyyətimizi genişləndirməyə, ixracyönümlü məhsul hazırlamağa, xarici bazarlara çıxmağa imkan verəcək”, - deyə fermer Müşfiq Həsənov söyləyib.

Qeyd edək ki, təsərrüfatın bunun üçün kifayət qədər imkanları var.