AQRO

15 Aprel

Azərbaycanda ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltılar yetişdirilir - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ölkəmizdə ilk dəfə mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması üzərində tədqiqat işlərinə başlanılıb.

Fins.az xəbər verir ki, əldə olunacaq klon calaqaltı formaları quraqlığa, xəstəliklərə və zərərvericilərə qarşı davamlı olacaq. Bu calaqaltılar üzərində yetişdirilən meyvə sortlarının məhsuldarlığının daha yüksək olması proqnozlaşdırılır.

Mikrocalaq üsulu ilə yeni vegetativ calaqaltıların alınması üzərində aparılan tədqiqat işlərinin ilkin nəticələri müsbət olub.

İnstitutun böyük elmi işçisi Çingiz Balazadə bildirir ki, bitkilərin bu üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyevin sözlərinə görə, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.

Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.