AQRO

11 Aprel

Bu rayonda fermerlər çiyələk sahələrində becərmə işlərinə başlayıblar

Cəlilabad rayonunda fermerlər və məhsul istehsalçıları çiyələk sahələrində becərmə işlərinə başlayıblar.

Fins.az xəbər verir ki, havalar nisbətən isti keçərsə, bu ayın sonunda sahələrdən ilk məhsul götürmək mümkün olacaq.

Fermerlər deyirlər ki, sahələr il ərzində 4 dəfə alaqdan təmizlənməlidir. Yaz mövsümündə aparılan yekun təmizləmə işləri isə çox mühümdür, çünki görülən aqrotexniki tədbirlər yüksək və keyfiyyətli məhsuldarlığın təməlidir.

Onların sözlərinə görə, qonşu ölkələrin təcrübəsindən istifadə olunaraq çiyələk sahələrində alağa qarşı örtüklərdən istifadə edilməsi müsbət nəticə verməyib.

Buna görə də alaqlara qarşı mübarizə yenə ənənəvi üsullarla aparılır. Qışın kifayət qədər yağmurlu keçməsi nəticəsində torpaq qatında lazımi miqdarda su ehtiyatı toplanıb. Havalar isti keçərsə, bu ay suvarılma aparılmadan sahələrdən ilk məhsul götürmək mümkün olacaq.

Çiyələk kolları yaxşı becərilərsə, yeni əkin aparılmadan eyni sahədən üç il ardıcıl məhsul götürmək olar.

Qeyd edək ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, fermerlərin kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün hərəkəti sərbəstdir. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.

Bakı və Sumqayıt şəhərlərində yaşayan, lakin rayonlarda təsərrüfatları olan, mövsümlə əlaqədar təsərrüfatlara getməli olan vətəndaşlar isə bunun üçün Aqrar Xidmətlər Agentliyi və ya Qida Təhlükəsizliyi Agentliyindən birgə arayış almalıdır.