AQRO

07 Aprel

Şəkidə heyvan sahiblərinə 84 min manatdan çox subsidiya ödənilib

Cari ilin birinci rübündə Şəki rayonunda 1825 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma yolu ilə 974 baş buzov və balaq doğulub. Birinci rübdə Şəki rayonu üzrə 791 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 848 baş cinsi yaxşılaşdırılmış buzova görə 84 min 800 manat subsidiya ödənilib.

Bu barədə Fins.az-a Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 394 baş damazlıq düyə alınıb gətirilib. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 4 ildə Şəki rayonu üzrə 5307 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 6474 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 647 min 400 manat subsidiya ödənilib.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, cari ilin ilk üç ayında Şəki rayonunda ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, süd istehsalı isə 1,5 faiz artıb.