AQRO

06 Aprel

İmişlidə son illər istixana şəraitində yetişdirilən bitkilərin əkininə maraq artıb

İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, xeyli vaxtdır ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixanalarda pomidor yığımına başlanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir. Sahibkar Səlahət Qafarov bildirib ki, indiyədək 18 tondan çox məhsul tədarük edərək yerli bazarlara göndərib: “Hələ istixanada məhsulumuz çoxdur. Hesablamama görə bundan sonra bazarlara daha 50–55 ton pomidor göndərə biləcəyəm”.

Qeyd edək ki, İmişlidə 7,6 hektar ərazisi olan 7 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuzikilər, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar da yaradılır. Yaxın vaxtlarda bu komplekslərdə də tərəvəz yetişdirilməsinə başlanılacaq.