AQRO

30 Mart

Saatlıdan olan fermerlər bu il örtükaltı bostan əkininə üstünlük verirlər

Bu il Saatlıda örtükaltı bostan əkini üstünlük təşkil edir. Fermerlər bu üsulla yemiş və qarpız əkini aparırlar.

Fins.az xəbər verir ki, yaz-tarla işləri çərçivəsində Saatlıda bostan məhsullarının toxumları əkilir. Bu il təsərüfat sahibləri əsasən polietilen örtük altında əkin növündən geniş istifadə edir. Polietilen örtük altında əkin aprel ayına qədər yekunlaşır. Örtük məhsulun daha tez yetişməsinə və sahədə əl əməyinin azalmasına kömək edir.

Rayonun Azadkənd sakini olan fermer Alim Nadirli bildirir ki, bu üsulla əkilən məhsul daha tez yetişir: “Bu qayda ilə əkilən yemişlər bazara daha tez çıxır ki, bu da əlavə qazanc götürməyə imkan yaradır. Yerli iqlimə uyğun olaraq el arasında “bildirçin”, “xrustal”, “gürzə” adlanan yemiş toxumları əkilir”. Təsərüfat sahibinin sözlərinə görə, bu qayda ilə əkilən toxumdan alınan məhsul iyun ayında bazara çıxarılır.

Eyni qayda ilə qarpız əkən fermerlər də az deyil. Təsərrüfat sahibləri qarpızı polietilen örtüklə iki fərqli üsulla əkirlər. Biri torpağa birbaşa toxum basdırmaqla, digəri şitil əkməklə. Toxumlar dibçəklərdə yetişdirilərək şitil halına gətirilir. On beş gün sonra isə həmin şitillər sahəllərə köçürülür. Fermer İlham Şəmmədovun sözlərinə görə, hər hektara 3000-3500 şitil gedir. Hər tağdan 30-40 kiloqram olmaqla, hektara 90-120 ton məhsul əldə etmək mümkündür.

Digər fermer Sücaət Səmədov da bu il polietilen örtüklə bostan əkməyə üstünlük verdiyini söyləyir. Deyir ki, bu il 3 hektar ərazini bostan üçün ayırıb. Sahədə hibird toxumların əkininə üstünlük verib. Örtükaltı əkinin daha sərfəli olduğu bildirən fermer ötən illə müqayisədə əkin sahəsini artırdığını söyləyib.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 3 min hektara yaxın bostan bitkilərinin əkilməsi planlaşdırılıb ki, bunun da 50 faiz qədərini örtükaltı əkin təşkil edir.