AQRO

29 Mart

Karantin rejimi fermerlərin işinə nə dərəcədə təsir edir?

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Bu rejim insanların bir-biri ilə təmasdan yayınmasını nəzərdə tutur. Bütün ölkə boyu vətəndaşlardan evlərində qalmaları, bir yerə toplaşmamaları tələb olunur. Mart ayı yazlıq əkinlər üzrə işlərin qızğın mərhələsinin başlanğıcı sayılır. Ölkədə tətbiq olunan karantin şəraiti yaz əkinlərinin aparılmasına təsir göstərirmi? Fermerlər işlərini vaxtında icra edə bilirlərmi?

Suallara cavab verən Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və İnformasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun Fins.az-a bildirdiyinə görə, koronavirus infeksiyasının yayılmasına qarşı tətbiq olunan xüsusi karantin rejimi yazlıq əkin-səpin işlərinə hər hansı təsir göstərmir: 

“Yazlıq əkinlərin aktiv fazası aprel ayının ikinci dekadasında başlayacaq. Hazırda belə əkinlər (pambıq, tütün, şəkər çuğunduru və sair) üzrə fermerlərlə emal şirkətləri arasında müqavilələrin bağlanması prosesi gedir. Bir sıra bitkiçilik məhsulları üzrə bu proses başa çatıb. Yəni heç bir problem müşahidə olunmur”.

Əkinlərin aktiv fazasında karantin rejimi ilə bağlı hər hansı problem yaranarsa, Dövlət Aqrar İnkişaf Mərkəzləri fermerlərə müvafiq yardım göstərəcəklər: “Fermerləri narahat edən bir məqam vardı. Bildiyiniz kimi, rayonlararası nəqliyyat vasitələrinin hərəkətinə qadağalar qoyulub. Bu qadağalar kənd təsərrüfatı texnikalarının bir yerdən başqa yerə aparılmasına müəyyən çətinlik yarada bilərdi. Nazirlər Kabinetinin karantin rejiminin sərtləşdirilməsinə dair müvafiq qərarında hərəkətinə icazə verilən texnikaların, texniki vasitələrin siyahısına kənd təsərrüfatı texnikası da əlavə edilib. Yəni fermerlərin  bu narahatlığı aradan qaldırılıb. Əlavə hansısa problem yaranacaqsa, operativ qaydada həllini tapacaq”.