AQRO

13 Mart

Sabirabadda istixanalardan 25 tondan çox tərəvəz yığılıb

Son illər Sabirabadda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanalar şəbəkəsini ilbəil genişləndirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 32.7 hektar ərazidə 189 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda 100 tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Cari təsərrüfat ilində də istixanalarda tərəvəz boldur. Bir neçə gündür ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən istixanalardan tərəvəz yığımına başlanılıb və qısa müddətdə 25 tondan çox xiyar-pomidor yığılaraq daxili bazarlara göndərilib. Məhsulun qiyməti də təsərrüfat sahiblərini qane edir. Yığılan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Qruzna, Suqovuşan və Qaratəpə kəndlərində olan istixanalardan toplanılıb. Hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə, tərəvəz bu il ötənilkindən də çox olacaq.

©Azertac