AQRO

13 Mart

Ötən il Saatlıda 41 min tondan çox süd istehsal olunub

Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 691 baş iribuynuzlu mal-qara və 118 min 74 baş qoyun-keçi saxlanılır. Bu da 2018-ci ildəkindən ümumilikdə 883 baş çoxdur. Naxırda ana inək və düyələrin sayı 32 min 307 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib. Yola saldığımız 2019-cu ildə rayonda 7 min 51 ton ət (diri çəkidə), 41 min 870 ton süd və 194.5 ton yun, 14 milyon 106 min ədəd yumurta istehsal olunub ki, bu da 2018-ci ildə istehsal olunan ətdən 5.9 ton, süddən 18 ton, yundan 23.7 ton, yumurtadan isə 2 milyon 181 min ədəd çoxdur.

©AZERTAC