AQRO

03 Mart

Bu quyular vasitəsilə Ağcabədidə 30 min hektardan çox əkin sahəsi suvarılır

Əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Respublikanın bütün bölgələrində bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subartezian quyusu qazılmışdır. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.

Dövlətimizin başçısı bu il suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.

Ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağcabədi rayon subartezian quyularının istismarı idarəsindən bildiriblər ki, idarənin balansında 983 ədəd subartezian quyusu, 10 ədəd artezian quyusu var. Həmin quyuların 885-i əkin və həyətyanı sahələrin suvarılmasında, 98-i isə içməli su məqsədi ilə istifadə olunur. Subartezian quyuları vasitəsilə rayonun 30 min 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən, ötən il Ağcabədi rayonunun Hindarx qəsəbəsi, Hacıbədəlli, Rəncbərlər, Muğanlı, Göyük, Şahsevən, Minaxorlu, Bala Kəhrizli, Yuxarı Qiyaməddinli, Şahmalılar, Mirzəhaqverdili, Poladlı kəndlərində ümumilikdə 16 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 600 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib. Bundan başqa 2019-cu ildə əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə 12 ədəd subartezian quyusu qazılıb, 7 subartezian quyusu isə bərpa edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il yanvarın 7-də imzaladığı Sərəncamı əsasən bu il Ağcabədi rayonunun əhalisi 83 min 682 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 30 ədəd subartezian quyusu qazılacaq. Cari ildə, həmçinin 14 subartezian quyusunun bərpa edilməsi də nəzərdə tutulur.

©Azertac