AQRO

22 Fevral

Aqrar Universitetində konfrans keçirildi

Fevralın 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin 100 illiyinə həsr olunmuş “Azərbaycanda intensiv bağçılıq: nailiyyətlər, perspektivlər, problemlər və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, konfransın məqsədi aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini nəzərə alaraq, müasir dövrdə bağlarda məhsuldarlığın artırılması üçün tətbiq edilən intensiv bağçılıq üsulunun üstünlükləri, hazırkı vəziyyəti, əldə olunmuş uğurlar, fermerlərin qarşılaşdığı çətinliklər və elmi cəhətdən əsaslandırılmış ən yaxşı təcrübənin təbliği üçün əlverişli platformanın yaradılmasıdır.

Konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, ölkəmizdə intensiv bağçılığın inkişafı üçün böyük imkanlar, dövlət dəstəyi mövcuddur. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nın müvafiq bəndinə əsasən, Aqrar Subsidiya Şurasının qərarı ilə ölkəmizdə intensiv meyvə bağlarına görə bir çox subsidiyaların ödənilməsini göstərmək olar.

“Şolkovo Aqroxim” müəssisəsi Azərbaycan nümayəndəliyinin baş aqronomu Arif Abbasov ölkəmizdən ixrac olunan məhsulların strukturunda intensiv bağçılıq məhsullarının xüsusi çəkisinin, bu sahə ilə məşğul olan sahibkarların gəlirlərinin xeyli artdığını bildirib.

Sonra qubalı fermer Cabbar Heybətov çıxış edib, bu sahədə görülən işlərdən danışaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Universitetin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov isə bildirib ki, ən müasir tələblərə uyğun yenidən qurulmuş universitetin tədris-təcrübə təsərrüfatında intensiv bağların salınması istiqamətində mühüm işlər görülməkdədir.

Tərtərli fermer Zəfər Nəsirov qeyd edib ki, bu gün aqrar sahəyə dövlət tərəfindən böyük dəstək verilir. Hər bir fermer dövlət qayğısını öz üzərində hiss etməkdədir.

Sonra bir sıra rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, USAİD-in Özəl Sektorun İnkişafı Layihəsinin nümayəndələri, mütəxəssislər, universitetin müəllimləri və fermerlər çıxış edərək, öz fikirlərini bildiriblər.