IKT

19 Fevral

Qədim Roma ənənəsi Suraxanıda - REPORTAJ

Fins.az yeni ünvandakı “Kənddən Şəhərə” yarmarkasından reportajı təqdim edir.

Keçirilmə ənənəsininin ilk yarandığı qədim Romadan etibarən yarmarkalar əhalinin alış-veriş üçün ən çox üz tutduğu münasib qiymətli satış mərkəzləri kimi tanınır. Son zamanlar ölkəmizdə xüsusi günlərdə və ya həftəsonlarında müxtəlif yarmarkaların keçirildiyini görürük. Bunlar içərisində “Kənddən Şəhərə” yarmarkaları həm davamlılığı, həm də ziyarətçilərinin çoxluğu baxımından seçilir. Vətəndaşların marağının nəticəsidir ki, təşkilatçı qurum olan Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yarmarkaların sayını artırmağa davam edir. Belə ki, qurum ötən ilin sonunda daha bir ünvanda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində (Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi, Neftçilər parkının yanı) hər həftəsonu “Kənddən Şəhərə” yarmarkasının keçirilməsinə başlanıldığını bildirdi. Biz də fəaliyyətə başlamasından 2 aya yaxın vaxt keçmiş yarmarkanı ziyarət edib həm satıcılarla, həm də alıcılarla həmsöbhət olduq.

Digər yarmarkalardan fərqli olaraq “Kənddən Şəhərə”-də satıcılar müxtəlif regionlardan öz yetişdirdikləri məhsulları gətirən fermerlərdir. Burada meyvə-tərəvəzdən tutmuş bala qədər müxtəlif çeşidli kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Yarmarkaya daxil olduğumuz zaman diqqətimizi çəkən ilk şey ət məhsulunun satışı ilə məşğul olan fermerin piştaxtası qarşısında insanların növbə gözləməsi oldu. Sonradan öyrəndik ki, Kürdəmir rayonundan olan Bəxtiyar Məlikov satdığı quzu və dana ətinin keyfiyyətinə və dadına görə yarmarkanın təşkil olunduğu ərazidə kifayət qədər məşhurluq qazanıb. Elə bu uğurun sirrini onun özündən öyrənmək üçün fermerə yaxınlaşdıq. Bəxtiyar Məlikov 1998-ci ildən heyvandarlıqla məşğul olduğunu, hazırda təsərrüfatında inək, qoyun, camış, keçi, toyuq, hinquşu kimi heyvanlar bəslədiyini bildirdi:

“Kürdəmir rayonunun Şımıxlı kəndində özümüzə aid 30 hektar ərazisi olan fermamız var. Əvvəllər qəssablıq etmişəm, indi isə iki qardaşımla birgə heyvandarlıqla məşğuluq. İribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlayırıq. 80 baş iribuynuzlu, 200 baş isə xırdabuynuzlu heyvanımız var. “Kənddən Şəhərə” yarmarkası açılandan bura gəlirik. Yarmarka bizim iş yerimizdir, çörəyimizi burdan qazanırıq. Bu həftə 280 kq dana əti, 50 kq da quzu əti gətirmişik. Artıq quzu əti qurtarıb. Ötən həftə 260 kq dana əti gətirmişdik, hamısını satdıq. Bizdən bir dəfə ət alan mütləq ikinci dəfə də alır. Öz bəslədiyimiz heyvanların ətini satırıq. Yəqin dadının yaxşı olması da bu işə olan sevgimizdəndir. Dana ətinin kq-nı 9.50, quzu ətini isə 11 manata təklif edirik. Sifariş olanda süd, qatıq, pendir, şor, kərə yağı kimi məhsullar da gətiririk. Ancaq ağartı məhsullarımızı daha çox rayonda iaşə obyektlərinə satırıq”.

İşinin çox olduğunu görüb fermerimizi daha da məşğul etmədik. Piştaxta önündə növbə gözləyərkən həmsöhbət olduğumuz Qaraçuxur qəsəbəsi sakini Səkinə Sabirova ayda iki dəfə buradan ət aldığını dedi:

“Yarmarka açılandan əti də, meyvə-tərəvəzi də burdan alıram. Həm məhsulları yaxşdır, bilirsən ki, kənddə yetişdirib gətirirlər, həm də tərəziləri düzdür. Ətin dadına isə söz ola bilməz. Ailə üzvlərim daha çox yağsız əti sevirlər. Ona görə də hər dəfə xahiş edirəm ki, mənə ətin bir az yağsız yerindən çəkin. Sağ olsunlar, hələ aramızda bir dəfə də olsun narazılıq yaranmayıb”.

Digər bir yarmarka ziyarətçisi Cavad Quluyev isə kafe işlətdiyini və orada yemək hazırlamaq üçün bütün qida məhsullarını yarmarkadan aldığını bildirdi:

“Yarmarkada qiymətlər digər yerlərlə müqayisədə münasibdir. Həm də satılan məhsullar yerli məhsullarımızdır. Dəfələrlə olub ki, müştərilərim xörəkləri dadandan sonra əti ya da hansısa tərəvəzi hardan aldığımı soruşublar. Mən də onlara bu yarmarkanı məsləhət görümüşəm”.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkaları Bakı şəhərində Nərimanov, Binəqədi, Yasamal rayonları, Abşeron rayonunda isə Xırdalan şəhəri daxil olmaqla 5 fərqli ünvanda hər həftəsonu təşkil olunur.

Tuncay Türbəndəzadə