2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayı 2 milyon 412 min nəfər təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən mediatur zamanı məlumat verib. Tədbir 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunub.
K.Quluzadə bildirib ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27 faiz artım deməkdir. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona çatacağı, 2028-ci ilə qədər isə illik olaraq bu rəqəmin 4 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılır.
Həmçinin, müşavir qeyd edib ki, cari dövr ərzində Azərbaycana 24,519 kommersiya yönümlü uçuş həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir. Bundan əlavə, yanvar-oktyabr aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 2,49 milyard AZN nominal əlavə dəyər yaradılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıma səbəb olub.
Fuad Mədətov
Fins.az