ANALİTİKA

15 İyun

Azərbaycanda yay turizm mövsümünə start verilib

İyunun 15-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

Fins.az xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.

Tədbir zamanı ölkənin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin yay mövsümünə hazırlığı, bu istiqamətdə görülən işlər, həmçinin turistlərə təklif olunan mövcud və yeni turizm məhsulları haqqında təqdimat nümayiş olunub.  

Tədbirdə çıxışı zamanı cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların  sayının 965 555 nəfər təşkil etdiyini və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artımın olduğunu deyən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağını, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağının proqnozlaşdırıldığını qeyd edib.

Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi  “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı təkcə qış turizmi baxımından deyil, yay mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.

O, hazırda əcnəbi turistlərə yay mövsümündə haykinq, qlampinq, yamac paraşütü, vindsörfinq, kaytsörfinq, dayving, raftinq ,kempinq kimi turizm məhsullarının təklif olunduğunu, bu turizm məhsullarının mövcud və yeni bazarlara uyğunlaşdırılması istiqamətində aktiv marketinq və təşviqat kampaniyalarının keçirildiyini bildirib.

Kompleks ərazisində il ərzində infrastrukturun yenidən qurulması və modernləşdirilməsi, həmçinin yeni əyləncələrin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov ilin sonuna kimi mərhələli şəkildə bir sıra layihələrin həyata keçiriləcəyini deyib. O, yaxın aylarda ziyarətçilər üçün 2 xətdən ibarət, uzunluğu 1250 metr olan yeni zip-line xəttinin, kros motosikl turlarının, müxtəlif yaş kateqoriyalarında olan uşaqlar üçün avtodrom, tyubing və go kart əyləncələrinin istifadəyə veriləcəyini bildirib.

Bununla yanaşı, Turizm Mərkəzinin sədri kompleks ərazisində 5-ci faza üzrə tikinti işlərinə də start verildiyini, ilkin tikinti mərhələsinin 2025-ci ilin əvvələrində tamamlanacağını, həmin ərazidə FIS standartlarına uyğun inşa edilən yeni xizək stadionunun, yamacın, gondola tipli kanat stansiyasının və yeni parkinq ərazisisinin salınacağını bildirib.

Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətlərindən, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayından  iyun ayının 15-dək olan müddət ərzində “Şahdağ” Turizm Mərkəzinin tabeliyində fəaliyyət göstərən hotellərdə qonaq olan şəxslərin sayı 48 372 nəfər, kompleksə səfər edənlərin sayı isə 134 000 nəfərə yaxın təşkil edib.

Fuad Mədətov
Fins.az